Bakı küçələrində teatr tamaşaları keçirilə biləcək

Məhkəmə ADO teatrının iddiasını təmin edib

Source: google


Məhkəmə ADO teatrının iddiasını təmin edib

1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı küçə tamaşaları keçirmək barədə iddiasını təmin edib. Məhkəmə dekabrın 30-da baş tutub.

Meydan TV-yə məlumatı teatrın rəhbəri Elmin Bədəlov verib. O, məhkəmə ərəfəsində teatra dəstək olan hər kəsə təşəkkürünü bildirib:

“Bu, tarixi qərar idi. Həm də bir nümunədir. Çünki küçədə tamaşa göstərməklə bağlı qanunun sıxışdırılması və boşluqdan istifadədən dolayı 2 ildən çox idi ki, bu məsələ həllini tapa bilmirdi. Artıq nəinki biz, istənilən incəsənət nümayəndəsi ölkəmizin küçələrində çıxış etmək üçün qanun sıxışdırılması ilə rastlaşsa, bu qərara istinad edə biləcək”.

Elmin Bədəlov əlavə edib ki, bu proses uzun çəkib. Ancaq sondakı nəticəyə görə dəyər:

“Ümid edirik ki, bu qərardan sonra küçə tamaşaları ilə bağlı əngəllər aradan qalxacaq. Küçədə sizlərlə görüşmək ümidi ilə“.

ADO teatrı 2 ildən çoxdur ki, Bakıda küçə tamaşaları nümayiş etdirmək üçün müraciətlər edir. Azərbaycan Mədəniyyət Nazirliyi bununla bağlı icazənin Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti isə nazirlik tərəfindən verilməli olduğunu iddia edib. Sonda ADO teatrı məhkəməyə müraciət edib.

ADO teatrı 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır.

Ana səhifəXəbərlərBakı küçələrində teatr tamaşaları keçirilə biləcək