Bakı İstintaq Təcridxanasında saxlanılan I qrup əlil quru aclığa başlayıb

Famil Xəlilov. Foto: şəxsi səhifəsi

Famil Xəlilovun sudan imtina etdiyi bildirilir

Sosial şəbəkələrdə hökumətlə bağlı tənqidi paylaşımlarlardan sonra narkotik ittihamı ilə həbs olunan I qrup əlil Famil Xəlilovun 53 gündür ki, aclıq aksiyasını davam etdirdiyi bildirilir.

“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərovun verdiyi məlumata görə, iki aya yaxındır ki, yalnız maye qəbul edən Famil Xəlilov iki gündür artıq sudan da imtina edərək quru aclıq keçirir.

Məlumatı Famil Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova da təsdiqləyib.

O bildirib ki, uzunmüddətli aclıqla əlaqədar həyat yoldaşının mədəsində ciddi problemlər əmələ gəlib, bu səbəbdən su da içi bilmirdi.

Ona görə sudan da imtina etmək qərarına gəlib:

Quru aclıqdan sonra vəziyyəti daha da pisləşib. Bədənin temperaturu yüksəlib. Onsuz da orqanizm zəifdir, aclıq bədəni lap taqətdən salıb”.

Penitensiar Xidmətdən Famil Xəlilovun durumu barədə deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.

Hər iki qolu iflic olan 34 yaşlı Famil Xəlilov mayın 2-dən həbsdədir və Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.

O, məhkəmədə bildirib ki, əlləri hərəkət edə bilmədiyinə görə təcridxanadakı vəziyyətdə zəruri ehtiyaclarını ödəyə bilmir.

Vəkilləri bir neçə dəfə onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırsalar da, hakimlər təmin etməyib.

Famil Xəlilov məhkəmədə bildirib ki, həbsinin səbəbi ölkədəki ədalətsizliklər, hakimiyyətin özbaşınalıqları barədə sosial şəbəkələrdəki çıxışları, yazılarıdır.

Buna görə onu narkotiklə şərləyiblər:

Həmin yazıları kompüterdə ayaq barmaqlarımla yazırdım. Yəni məni ayaq barmaqlarımla yazdığım yazılara görə şərləyib bura salıblar”.

İsveçdən ailəsilə birlikdə sığınacaq istəsə də, imtina cavabı alaraq, 2023-cü ilin yayında Azərbaycana deportasiya edilən və bu il mayın 2-də həbs edilən Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.

Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasətBakı İstintaq Təcridxanasında saxlanılan I qrup əlil quru aclığa başlayıb