“Bütün formatlarda müzakirə olunan məsələlər aşağı-yuxarı eynidir”
Mayın 19-da Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan görüşüb.
3 gün sonra Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə İlham Əliyev və Nikol Paşinyan Moskvada görüşəcək.
Rusiyalı nazir Moskva danışıqlarında Bakı və Yerevanın sülh müqaviləsi üzrə anlaşmanı ümumi baxışa yaxınlaşdıra bildiklərini deyib.
Oxşar bəyanatlar Vaşinqtonda və Brüsseldə də səslənmişdi.
Bu baxımdan münaqişənin həlli və ya sülh sazişinin imzalanması üçün Qərb, yoxsa Moskva formatının müsbət olduğu ilə bağlı sualı aktuallaşır.
“Hər dəfə Azərbaycan sülhə hazır olduğunu bəyan edəndə sərhəddə atəşkəs pozulur”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Meydan TV-yə deyib ki, hər iki tərəf bu platformalarda nüfuz sahibi olmaq məqsədi güdür:
“Bu baxımdan nazirlərin Moskva görüşünü Vaşinqton və Brüssel təmaslarının davamı və razılaşdırılmamış müddəalara yenidən baxılması kimi dəyərləndirmək olar. Təbii ki, Brüssel görüşündə Azərbaycan ikitərəfli təmasları əsas götürür və bununla yanaşı, Rusiya bizimlə eyni arenanı paylaşır. Məncə, Moskvanın rol almaq istəyi təəccüb doğurmur”.
Deputat deyir ki, Rusiya sülh müqaviləsinin imzalanmasının iştirakçısı olmağa çalışacaq:
“Əlbəttə, sülh müqaviləsinin imzalanması Ermənistan və Azərbaycandan asılıdır. Digər iştirakçı və vasitəçi dövlətlərin isə siyasi və hərbi maraqları var. Müqavilənin imzalanması isə müəyyən prosedurlardan keçir, burada demilitasiya və demarkasiya məsələləri, kommunikasiyaların açılması var”.
Ancaq deputat Yerevanın məsələnin həllində maraqlı olmadığını bildirib:
“Hər dəfə Azərbaycan sülhə hazır olduğunu bəyan edəndə, sərhəddə atəşkəs pozulur. Əlbəttə, bu, Ermənistanın daxilində və xaricindəki təzyiqlərdən irəli gəlir”.
Onun fikrincə, nazirlərin görüşü müsbət nəticə verərsə, o zaman 25 mayda proses davam edə bilər:
“Yetər ki, Ermənistan və havadarları maneə yaratmasınlar”.
Arzu Nağıyev 19 may nazirlərin görüşünü həm də 3 gün sonra dövlət başçılarının görüşü üçün hazırlıq sayır:
“Əslində, Rusiya proseslərin tezləşdirilməsində maraqlı olmalıdır. Çünki Rusiyaya qarşı sanksiyalar onu buna vadar etməlidir. Ona görə də 25 may görüşü də çox mühüm əhəmiyyət kəsb edəcək”.
“İrəliləyişlərin nədən ibarət olduğunu söyləmək çətindir”
Siyasi ekspert Anar Məmmədli də Moskva görüşünü əvvəlki iki təmasın davamı sayır:
“Çünki bütün bu formatlarda müzakirə olunan məsələlər aşağı-yuxarı eynidir. Düşünmürəm ki, fərqli mövzular müzakirə predmetidir. Ona görə də birmənalı şəkildə Moskva, yaxud Vaşinqton görüşündə irəliləyişin əldə olunduğunu demək olmaz. Bütün tərəflər cəlb olunsalar da, əsas söz sahibi Bakı və Yerevandır”.
Anar Məmmədli deyir ki, irəliləyişlərin nədən ibarət olduğunu söyləmək çətindir:
“İctimaiyyətə konkret məlumat verilmədiyindən fikir yürütmək çox çətindir. Ümumi sızan məlumatlardan anlaşılan odur ki, tərəflər ərazi bütövlüyü məsələsində razılaşıblar. Eyni zamanda, sərhədlərin demilitasiyası və demarkasiyası yönündə birgə əməkdaşlıqda razılığa gəliblər. Razılaşdırılmayın məqamlar Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarıdır. Həmçinin də Azərbaycanın Naxçıvanla əlaqələrinin bərpası açıq qalır. Bilmirəm, gələcəkdə bunlara toxunulacaq, ya yox… Hələ ki əhatəli məlumat yoxdur”.
Hansı formatın müsbət olduğuna gəlincə, Anar Məmmədli sülh əldə edilməsi üçün bütün formatlarda iştirakın tərəfdarıdır:
“Lakin indiki şəraitdə nəzərə almaq lazımdır ki, Rusiyanın sülh carçısı olması şübhə altındadr. Hazırda Rusiya regionda müharibə aparır, 2008-ci ildə Gürcüstanın ərazilərini işğal edib. Rusiya xalqların müstəqilliyinə hörmət etmir. Ona görə Rusiyanın sülh sazişinin imzalanmasına müsbət töhfə verəcəyinə şübhə edirəm və Moskvanın sülhdə iştirakını süni sayıram. Ancaq bütün hallarda formatlardan imtinaya ehtiyac yoxdur. Yetər ki, insanlar ölməsin, əsas sülhə nail olunsun”.
Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.
Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.
Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.
“ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.
Mayın 1-4 tarixlərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda görüşmüşdü.
ABŞ-ın Dövlət katibi Entoni Blinken mayın 4-də keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanın davamlı sülh sazişi istiqamətində nəzərə çarpacaq irəliləyiş əldə etdiyini bildirmişdi.
Nə baş verib?
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ələ keçirilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.