Milli Məclisdən Senata cavab, hökumətə çağırış var
Yanvarın 17-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnamə qəbul edib.
Qətnamədə Ermənistanın ərazi bütövlüyünə dəstək ifadə edilir və Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixlərindəki Qarabağa qarşı “təcavüz”ü pislənilir.
Sənəddə ermənilərin Qarabağa qayıtması və onların təhlükəsizliyinə zəmanət də tələb olunur.
Bundan əlavə Senatın qətnaməsində “Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisindən dərhal çıxarılması” tələb edilir.
Fransalı deputatlar həbs olunan “Dağlıq Qarabağ” separatçı rejiminin liderlərinin həbslərini pisləyib və UNESCO missiyasının Dağlıq Qarabağa “mədəni və dini irsin vəziyyəti haqqında” hesabatın hazırlanması üçün göndərilməsi istənilir.
Qətnamədə həmçinin Azərbaycanın “hərbi təcavüzü”nə görə sanksiya kimi Azərbaycan hakimiyyətinin rəhbər şəxslərinin aktivlərinin müsadirə edilməsi, qaz və neft idxalına embarqo qoyulması da daxil olmaqla ən sərt tədbirlərin görülməsi tələb olunur.
Senatda qətnamənin lehinə 336, əleyhinə isə 1 nəfər səs verib: Natali Qule.
Senator Natali Qule qətnamənin reallıqla heç bir əlaqəsi olmadığını deyib:
“Qətnamə sülh və sabitliyə, Cənubi Qafqazın daha yaxşı gələcəyinə qarşı yönəlib. Bu sənədin müəllifləri Ermənistanın işğalçılıq siyasətini tamamilə unudublar”.
N.Qule əlavə edib ki, Fransadakı erməni diasporu zəhərli və çox təhlükəli oyun oynayır.
Yanvarın 18-də isə Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar cavab bəyanatı yayıb.
Bəyanatda Senatının qətnaməsi qərəzli, birtərəfli və əsassız hesab edilərək son illərdə Fransanın siyasi dairələri, o cümlədən Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında çalışdığı qeyd olunur:
“Bu qurumlar açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirib və beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atırlar. Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən parlamentinin hər iki palatasında qəbul edilən qətnamələr iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər”.
Müvafiq komitə bildirir ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransanın həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliyi olsa da, Paris istər ölkə daxilində, istərsə də beynəlxalq təşkilatlarda təşəbbüsçüsü olduğu qətnamələrdə bunları sual altına qoyub:
“BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı çərçivəsində Fransanın irəli sürdüyü Azərbaycan əleyhinə çoxsaylı qərar və qətnamə layihələrinin qəbul olunmaması Azərbaycan dövlətinin uğurlu xarici siyasəti ilə yanaşı, Parisin təşəbbüslərinin bu təşkilatlarda haqlı olaraq qərəzli və qeyri-obyektiv addımlar kimi qiymətləndirilməsi ilə bağlıdır”.
Bəyanatda Fransanın Bakıdakı səfirliyinin iki əməkdaşı “persona non grata” (arzuolunmaz şəxs) elan olunması xatırlanaraq qeyd olunur ki, Parisin destruktiv və təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinin qarşısını almağa və Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə xidmət edir.
Bundan əlavə komitə Fransanı Əlcəzairdə, Cibutidə, Nigeriyada və Çadda on minlərlə müsəlman qətlə yetirməkdə ittiham edir:
“XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyü Parisin İnsan Muzeyində saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərə aiddir. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbini Fransa hələ də tam yerinə yetirmir. Bu cür mağara təfəkkürünə hazırda Fransadan başqa, dünyanın az dövlətində rast gəlmək mümkündür”.
Bəyanatın sonunda komitə Azərbaycan hökumətinə Fransaya qarşı sanksiyaların tətbiq edilməsi, Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulması, bütün iqtisadi əlaqələrin dayandırılması çağırışı edilib.
Bundan başqa hökumətdən “Total” da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılması istənilir.
Eyni zamanda, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi də qeyd olunub. Həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi hökumətdən daha sərt addımlar atmağı istəyib:
“Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın”.
Keçmiş diplomat Nahid Cəfərov Meydan TV-yə deyib ki, iki ölkə münasibətlərinin gərginləşməsinə səbəb kimi konkret bir hadisəni misal göstərmək müəyyən qədər çətindir:
“Fransada yaşayan erməni əsilli vətəndaşların böyük əksəriyyəti Osmanlı dövründə baş vermiş hadisə ilə bağlı Fransaya köçənlərdir. Erməni əsilli Fransa vətəndaşları Fransada güclü təşkilatlanaraq zaman-zaman müxtəlif siyasi postlara – Sarkozinin müşaviri Patrik Devedjian, Daxili İşlər Naziri Cerard Darmanin- yiyələniblər. Digər tərəfdən, katolik din qrupunun üstünlük təşkil etdiyi Fransada çoxluq inanır ki, ermənilər ən qədim xristian xalqdır və onlar müdafiə olunmalıdır”.
“Əlavə olaraq, son zamanlar Qərbin təhlükəsizliyi üçün birbaşa təhdid yaradan Rusiyanın yanında Azərbaycanın yer alması, Rusiyanın dəstəyi ilə demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmiş Paşinyanın, dolayısı ilə Ermənistanın cəzalanması da kifayət qədər hiddət doğurar və münasibətlərin gərginləşməsinə səbəb ola bilər”, – deyə o bildirib.
Onun sözlərinə görə, Fransa Parlamentinin qəbul etdiyi sanksiya çağırışı Fransa hökuməti qarşısında ciddi sanksiyaya əməl etmə məcburiyyətini yaratmır:
“Sanksiya qəbul edilərkən Fransanın Xarici İşlər Naziri də orada olub və sanksiyanın lehinə və ya əleyhinə heç bir çıxış etməyib. İki ölkə arasında münasibətlərin gərginləşdiyini nəzərə alsaq, bu çağırışların ciddi təsir göstərə biləcəyini ehtimal etmək olar”.
“Bəs Azərbaycan Fransaya sanksiya qoya bilərmi?” sualına gəlincə, Nahid Cəfərov bunu mümkün sayır:
“Bəli, Azərbaycan Fransaya qarşı da sanksiya qoya bilər, amma bunun Fransa iqtisadiyyatına ciddi bir təsiri olmayacaq. Belə ki, Azərbaycanın ixrac etdiyi məhsulun 0.13%-i (50.979 milyonu) Fransanın payına düşür. Fransadan olan məhsulların idxal payı isə 30%-(222.854 milyon)dir”.
Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban inanmır ki, Azərbaycan “Total” şirkətini birtərəfli qaydada “Abşeron”layihəsindən çıxmağa məcbur etsin.
İlham Şaban Meydan TV-yə deyib ki, əgər belə bir niyyət gerçəkləşərsə, Azərbaycan Fransa şirkətinə onun payına uyğun olaraq kompensasiya ödəməli olacaq:
“Biz həmin yatağın istismarda olduğunu və hələ yeni işə başlandığını nəzərə alsaq, kompensasiyanın dəyərinin milyonlarla yox, bir neçə milyardı göz önünə gətirməliyik”.
Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanla Fransanın münasibətləri gərgin qalsa da, əvəzində “Total”ın vitse-prezidentləri 4 dəfə, avqustda isə prezidenti Bakıya gəlib:
“Həmin şəxslər ən yüksək səviyyədə qəbul edildi. Həmçinin Prezident İlham Əliyev bu ilin yanvarın 10-da dedi ki, cari ildə “Abşeron” yatağı növbəti mərhələsi üzrə investisiya qərarının verilməsi gözlənilir. Yəni hasilatı daha 5 milyard kubmetr artırmaq mümkün olsun. Səhv etmirəmsə, Fransa Prezidenti Makron 2022-ci ilin oktyabrında”TV5″ telekanalına müsahibəsində Avropa ölkələrinə çağırış etdi ki, ölkəsi Azərbaycandan neft-qaz almır, siz də almayın və Qərb dəyərlərini enerjiyə dəyişməyin. Amma “Abşeron” yatağı istismara veriləndən sonra Fransanın Azərbaycanda neft və qaz payı var, özü də enerji nəhəngi olan “Total”ın. Bilirsiniz, siyasət siyasətdir, biznes də biznesdir“.
Azərbaycan dövlət başçısı İlham Əliyev də yanvarın 10-da yerli televiziyalara müsahibəsində Avropada bəzi siyasətçilərin Azərbaycanla Qərbin qaz əməkdaşlığı dayandırılmalı olduğunu xatırlatmışdı:
“Onlar ya bunu anlamırlar, ya onlarda kifayət qədər informasiya yoxdur. Belə açıqlamalar, əlbəttə ki, bizim əməkdaşlığımızı gücləndirmir. Düzdür, bu açıqlama Avropa Parlamentinin sədri tərəfindən verilmişdi. Avropa Komissiyası heç vaxt belə açıqlamalar verməyib və təbii ki, verməyəcək. Amma Avropa Parlamentinin sədri kiçik vəzifə deyil və əgər bu şəxs bunu deyirsə, deməli, burada düşünməyə mövzu var. Ancaq onu bəri başdan bildirməliyəm ki, əgər hər hansı bir səbəbə görə bu mövqe üstünlük təşkil etsə, onda, sadəcə olaraq, bizimlə uzunmüddətli kontraktlar imzalayan şirkətlər 100 milyonlarla, bəlkə də milyardlarla avro dəyərində cərimələr ödəməli olacaqlar. Ona görə belə cəfəng açıqlamalar verən məsul şəxslər daha diqqətli olmalıdırlar“.
2023-cü ilin dekabrın 26-da Azərbaycan Xarici İşlər Nazirliyi Fransa səfirliyinin 2 əməkdaşını “persona-non-grata” (arzuolunmaz şəxs) elan edib.
Bir gün sonra, dekabrın 27-də Fransa Xarici İşlər Nazirliyi adekvat addım atıb.
2023-cü il dekabrın 4-də Fransa vətəndaşı Martin Rayan Bakıda həbs edilib.
Məhkəmə onun haqqında 4 ay müddətinə həbs qərarı verib.
Fransa Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb, fevralda isə diplomatik əlaqələr qurulub.
16 mart 1992-ci ildə Fransanın Azərbaycanda, elə həmin il 20 oktyabrda isə Azərbaycanın Fransada səfirliyi açılıb.