Elnur Astanbəyli

Mənbə: meydan tv

Başlıq: Elnur Astanbəyli

Bakı hanı?

Bu gün əsl Bakı – öz ruhu, öz nəfəsi, öz havası, öz tarix pasportu olan Bakı yoxdur...

Yadımdadır, illər-illər əvvəl yazıçı Rüstəm İbrahimbəyov bir müsahibə vermişdi, orada Bakının öz tarixi simasını itirdiyindən gileylənmiş, bunun günahını da paytaxta axın edən rayonluların, qaçqın-köçkünlərin ayağına yazmışdı. İbrahimbəyovun o sözləri əməlli-başlı hay-küyə səbəb olmuşdu, tənənin biri bir qəpik idi. Ancaq müdafiə edənlər də tapılmışdı.

Sözüm onda deyil.

Rüstəm müəllim və onun kimi əsilli-nəsilli bakılılar sevimli şəhərlərinin son illərdə böyük sürətlə "beton yığınına" çevrilməsinə eyni həssaslıqla, eyni sərtliklə səslərini çıxarmırlar. Dünən rayon camaatına çox gördükləri Bakının bu gün tikinti şirkətlərinin əlində oyuncağa çevrilməsinə tüklərini tərpətmirlər.

Bakı uzun bir zamandır öz gerçək kimliyindən uzaqlaşdırılır, heç bir estetik zövqü olmayan, heç bir özəl memarlıq dəyəri daşımayan, əksinə, bir-birinin təkrarından ibarət, standart, ruhsuz göydələnlər şəhərin çevrilir. Bir dəfə də yazmışdım: "Yaptokratlar öz aləmlərində Bakıdan “yeni Dubay” düzəldirlər, halbuki Dubayı Dubaya çevirən yalnız dəbdəbəli göydələnləri deyil, məsələn, Yaxın Şərqin ən böyük ticarət, maliyyə və turizm mərkəzi olmasıdır. Üstəlik, müasir Dubay heç də tarixi kimliyi məhv etmək hesabına başa gəlməyib, Əksinə, şəhərin “Bur Dubay” adlanan hissəsi qədim tikililəri, muzeyləri, tarixi izləri daşıyır, göz bəbəyi kimi qorunur, ora turistlərin sevimli məkanıdır.

Bizdə isə İçərişəhərin başına nələr gətirildiyi hər kəsin məlumudur, Bakının “bayır şəhər” adlandıra biləcəyimiz hissəsində isə yaşı yüzü haqlamış, özünəməxsus arxitekturası olan, adamın gözünü və könlünü oxşayan binalar buldozerlərin ağzına verilir".

Yaxud “Sovetski”nin taleyi... Bu ərazinin xarabazara döndərilməsinin heç bir ağlabatan izahı yoxdur, heç olması mümkün də deyil. Orada restavrasiya işləri aparmaq, şəhərin bu hissəsininin özünə xas məhəllə arxitekturasını qorumaq əvəzinə yerlə-yeksan etmək hansı ağılın məhsuludur? Orada istənilən qədər təmtəraqlı göydələnlər ucaldılsın, amma orada Bakının öz ruhu, öz nəfəsi olmayacaqsa, nəyə yarayır?

Yenə köhnə yazılarımın birindən sitat: "Bəzən deyirlər, Bakı niyə turistlər üçün cəzbedici şəhərlərin siyahısına düşmür, düşəndə də arxa sıralarda qərarlaşır, məsələn, lap elə Tiflisdən-filan geri qalır. Bunda təəccüblü nə var ki? Başqa necə olmalıdır ki? Bakını özgələrə maraqlı edə biləcək az-çox nə vardısa, artıq onlar böyük ölçüdə yoxdur.

Kimsə düşünürsə ki, yuxarıdakı sualın yeganə cavabı turizm obyektlərindəki fantastik qiymətlər, ya da xidmətin aşağı keyfiyyətidir, kökündən yanılır. Səbəb həm də Bakının öz ruhunu tamamilə itirməsidir. Siz hansısa avropalını, yaxud yaponu “Alov Qüllələri” ilə təəccübləndirə, heyrətləndirə bilərsiniz? Gözünü açıb Eyfeli görən parislini ən uzun bayraq dirəyi iləmi mat qoyacaqsınız? Hansısa milanlı, madridli, tokiolu, romalı, berlinli, nyu-yorklu, şanxaylı, istanbullu, nə bilim daha haralı üçün Bakı nəyi ilə maraqlı, cəzbedici olmalıdır, heç düşünübsünüzmü?"

Bakı bulvarında “kiçik Venesiya” düzəltməklə Bakıya turist cəlb etmək olar? Niyə hansısa əcnəbi Venesiyanın əslini qoyub pulunu Bakı bulvarındakı gölməçələri görməyə xərcləməlidi ki?

Bir şəhəri dəyərli və cəlbedici edən onun tarixi özəllikləri, arxitekturasından tutmuş həyat tərzinə qədər müxtəlif özünəməxsusluqlarıdır; ancaq siz onları buldozer ağzına verərsinizsə, siz onu beton yığınlarına qurban edərsinzisə, onun mənəvi atmosferini dağıdıb, həqiqi "özşəhər kimliyindən" ayırarsınızsa, qüsura baxmayın, o zaman həmin şəhəri havaya buxarlandırmış olarsınız. Necə deyərlər, "adı var, özü yox".

Bəli, bu gün Bakının özü yoxdur! Adı var, yöndəmsiz, zövqsüz, az qala bir-birinin belinə mindirilmiş göydələnləri var, ancaq özü yoxdur!

Bu gün əsl Bakı – öz ruhu, öz nəfəsi, öz havası, öz tarix pasportu olan Bakı yoxdur...

Və sonda:

Ağlıma da gəlməzdi ki, günlərin bir günü şeirləri əsla zövqümcə olmayan, çiçəyi burnunda xalq şairi Ramiz Rövşəndən sitat gətirməli olaram: "Qara-qara qarışqalar, kəpənəyi neylədiniz?"

İndi mən də soruşuram: qara-qara adamlar, Bakını neylədiniz? Hanı Bakı? Hardadı Bakı?..

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/lu1q8b

Ən çox baxılan