Bakı-Gəncə-Bakı qatarının qiyməti ucuzlaşır

Natiq Cəfərli: ”Gediş haqqının endirilməsini gözlənilən idi”

Source:
Bakı-Sumqayıt qatarı
Bakı-Sumqayıt qatarı


Natiq Cəfərli: ”Gediş haqqının endirilməsini gözlənilən idi”

“Azərbaycan Dəmir Yolları” QSC fevralın 4-dən Bakı-Gəncə sürət qatarının hərəkət qrafikini və gediş haqqını dəyişib.

“Report” quruma istinadən yazır ki, gələn həftədən qatar hər gün saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək.

Qatarın yolda olma vaxtı isə əvvəlki kimi 4 saat 26 dəqiqə deyil, 4 saat 15 dəqiqə təşkil edəcək.

Qiymət 15 manatdan 10 manata endiriləcək. Ancaq birinci sinif və biznes vaqonlarda isə gediş haqqı dəyişməyəcək.

Eyni zamanda, standart vaqonlarda səhər yemək və sərinləşdirici içkilərin pulsuz verilməsi dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər.

Birinci sinif və biznes vaqonlarda isə yemək və sərinləşdirici içkilərin verilməsi əvvəlki qaydada davam edəcək.

Ötən ilin 29 dekabrında Bakı-Gəncə sürət qatarı işə düşəndə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov bu layihəni uğurlu saymışdı:

“Bu, çox uğurlu layihədir. Bəziləri deyirdilər ki, söz verilir, amma əməl edilmir. Biz söz də veririk, əməl də edirik”.

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Bakı-Gəncə sürət qatarında gediş haqqının endirilməsini gözlədiyini bildirib.

Natiq Cəfərli bildirib ki, gediş haqqı təyin olunanda əvvəlcədən hesabalamalar aparılmadığından belə də olmalıydı.

“Bu, idarəçilikdə strateji baxışın olmamasının nəticəsidir. Çox təəssüf ki, ölkədə idarəetmə bərbad vəziyyətdədir”.

İqtisadçı rəsmi rəqəmlərə istinadən bildirib ki, yanvarın 25-nə qədər olan məlumata görə Bakı-Gəncə qatarı 25-27 gündə dolu gedib qayıtsaydı 25 min bilet satılmalıydı.

“Ancaq mindən çox bilet satılmışdı. Deməli, sərnişinlərin istifadəsi kifayət qədər aşağı idi. Ümumilikdə qatarın doluluğu 5-6 faiz civarındaydı. Bunu nəzərə alaraq qiymətdə dəyişiklik etdilər”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli hesab edir ki, qiymətin 10 manata endirilməsi kifayət qədər böyükdür. Onun fikrincə əgər 10 manat cəlbedici olacaqsa, müəyyən sərnişin artımı ola bilər.

“Ancaq başqa bir məsələ də var. Zaman etibarı ilə sürət qatarı adlansa da, Bakıdan Gəncəyə avtomobildən daha çox zaman sərf edir. Bəzi insanlar isə yalnız qiymətə yox, zamana da önəm verirlər. İnsanlar Bakı dəmiryol Vağzalına, ordan da təxminən 4 saata qatarla gedir, Gəncə vağzalından da istədiyi yerə çatmaq müəyyən zaman alır. Zaman itkisi də əhalinin kifayət qədər qatardan istifadəsinə mane olur. Ona görə qiymətin endirilməsi ilə bərabər sürət də artsa, istifadə edənlərin saylı kifayət qədər çoxala bilər”.

Bakı-Gəncə-Bakı sürət qatarı 2018-ci il dekabrın 30-dan fəaliyyətə başlayıb.

Qurumdan verilən məlumata görə, qatar 364 km-lik məsafəni 4 saat 28 dəqiqəyə qət edir və standart sərnişin üçün biletin qiyməti 15 manat idi.

Biznes sinif sərnişinlər üçün gediş haqqı 50 manat, birinci sinif sərnişinlər üçün isə 100 manatdır.

Ana səhifəXəbərlərBakı-Gəncə-Bakı qatarının qiyməti ucuzlaşır