Tədarükün müvəqqəti olduğu bildirilir
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ötən ay “Qazprom eksport”la bağladığı qısamüddətli müqaviləyə əsasən, Ermənistana 150 milyon kubmetr həcmində Rusiya təbii qazını tədarük edəcək. Bu barədə aprelin 5-də SOCAR-ın rəsmi nümayəndəsi İbrahim Əhmədov xəbər verib.
Martın 17-də “Qazprom”un ixracat bölməsi Rusiya qazının nəqlilə bağlı Azərbaycan şirkəti ilə qısamüddətli müqavilə bağlayıb. Bu müqavilə “Şimali Qafqaz–Qafqaz” magistral boru kəmərində planlı təmir işləri müddətində erməni istehlakçılarına qazın tədarükünə imkan verəcək. Həmin vaxt təmir işlərinin üç həftəyə yaxın çəkə biləcəyi qeyd olunurdu. Təmir işləri başa çatdıqdan sonra mavi yanacaq Ermənistana əvvəlki marşrutla – Rusiya ilə Gürcüstanın sərhədindən keçərək veriləcək.
Rusiya qazının Ermənistana tədarükü üzrə müvəqqəti marşrut 2021-ci il aprelin 15-dək işləyəcək.
“Qazprom” Ermənistan istehlakçılarına yeganə qaz tədarükçüsüdür. 2020-ci il dekabrın sonunda xəbər verildiyinə görə, Rusiya qaz korporasiyası Ermənistana mavi yanacağın tədarükü üzrə müqaviləni 2021-ci ilin I rübünədək uzadıb. Elə həmin vaxt tərəflərin tədarük edilən enerji daşıyıcısının qiyməti haqda məsləhətləşmələri davam etdirdikləri qeyd olunmuşdu. Hazırda 1 min kubmetr qazın qiyməti 165 dollardır.