Məsələyə BMT-nin münasibəti bəlli deyil
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonu qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüşdə vurğulanıb ki, Bakı BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və onun resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirir:
“Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb”.
Əməkdaşlıqda yeni yanaşma “Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilməsi” ilə əlaqəndirilib:
“BMT-nin Məskunlaşma Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə əməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə də gələcək əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcəyi qeyd olunub”.
Hələlik, bu açıqlamaya BMT-nin cavabdeh qurumlarının münasibəti bəlli deyil.
Son günlər yerli mətbuatda BMT-nin bəzi qurumlarının Azərbaycandan çıxarılacağı ilə bağlı iddialar səsləndirilir.
“Caliber.az” yazır ki, BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi (UNHCR), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və BMT-nin Uşaq Fondunun (UNICEF) Bakı nümayəndəliklərinə əməkdaşlıq formatına yenidən baxılması zərurəti ilə bağlı xəbərdarlıq edilib.
Bu təşkilatlara Azərbaycanı tərk etməli olduqları bildirilib və bu qərar müvafiq səviyyədə onlara çatdırılıb.
Bu iddialara Azərbaycanın rəsmi qurumlarından hər hansı münasibət bildirilməyib.
Azərbaycan BMT-yə 1992-ci il martın 2-də qəbul edilib.