Ötən gün RİA Novosti agentliyi Rusiyanın idman naziri Vitali Mutkonun “Bakı bizdən xahiş etdi ki, Avropa Oyunlarını keçirək, çünki başqa heç kim keçirmək istəmir. Ancaq biz də imtina etdik” fikirləri yer alan açıqlamasını yayıb.
Söhbət 2019-cu il II Avropa Oyunlarını keçirmək təklifindən gedir. Avropa Oyunlarına ev sahibliyi etmək təklifi nəyə görə Avropa Olimpiya Komitəsindən yox, məhz Bakıdan gəldiyini nazir izah etməyib.
Bu gün isə Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimov belə bir xahişlə çıxış etmədiklərini bildirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Vitali Mutkonun Rusiya mediasına etdiyi açıqlamanın media nümayəndələri tərəfindən təhrif olunduğunu düşünərək, daha dəqiq məlumatın əldə edilməsi məqsədi ilə Rusiyanın idman nazirliynə sorğu göndəriləcək.
Virtualaz.org-a nazirlikdən verilən xəbərdə bildirilir ki, heç bir halda Azərbaycan hökuməti və ya Gənclər və İdman Nazirliyi Rusiyanın nəinki hökumətinə, heç ayrı-ayrı rəsmi şəxslərinə bu cür xahişlə müraciət edilməyib.