Bakı Beynəlxalq Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb

“Cinemobil”-ə mobil telefon, planşet vasitəsilə çəkilən bədii, sənədli filmlər götürülür

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başlayıb.

Festival təşkilatçılarının yaydığı press-relizdə bildirilir ki, müəlliflər festivalın beynəlxalq və yerli müsabiqəsinə 30 dəqiqə, “Cinemobil”-ə isə 5 dəqiqədən çox olmayan filmlərini təqdim edə bilərlər.

Beynəlxalq müsabiqəyə xarici və yerli müəlliflər bədii, sənədli və animasiya filmlərini avqustun 31-nə kimi  platforması üzərindən göndərməlidirlər.

Yerli müsabiqəyə bədii, sənədli, animasiya filmləri və sosial çarxlar qəbul olunur.

Müəlliflər filmlərini festivalın saytı vasitəsilə sentyabrın 20-nə kimi göndərə bilər.

Yerli müsabiqədə iştirak hüququ qazanan filmlər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı tələbə filmi” nominasiyası uğrunda mübarizəyə qoşulacaq.

“Cinemobil”-ə mobil telefon, planşet vasitəsilə çəkilən bədii, sənədli filmlər qəbul olunur. Müsabiqənin yarışma bölümündə mübarizə aparacaq filmlər iki nominasiya uğrunda yarışacaq. “Ən yaxşı film” nominasiyasının qalibi münsiflər heyətinin, “Tamaşaçı rəğbəti” nominasiyasının qalibi isə tamaşaçıların qərarı ilə seçiləcək.

Festivala göndərilən bütün filmlər Seçim Komissiyasına təqdim ediləcək. Həmin heyət də festivalın müsabiqə bölmələrində yarışacaq filmləri müəyyənləşdirəcək. Seçim zamanı hər janrın özəlliyindən irəli gələn xüsusiyyətlərə diqqət yetiriləcək.

Festivalın müsabiqə bölmələrində iştirak edəcək qısa filmlərin siyahısı 25 oktyabrda elan olunacaq.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının əsas mükafatı “Qızıl Nar”dır.

“Qızıl Nar” behiştdən onlarla dənəciyi- ideyanı, enerjini bətnində daşıyan qadını təsvir edir. Film çəkən rejissor da enerji, ideya və ssenarini öz “bətnində” daşıyır. O an gəlib çatdıqda rejissor bətnindəkini işıqlı və real məkana çıxarır. Beləliklə, kino qaranlıqda işığın əks olunması ilə başlayır.

“Qızıl Nar”la yanaşı festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplom təqdim edir.

Festivala göndərilən filmlər arasında Kann, Venesiya, Berlin Film Festivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlər də yer alır. Festivalın müsabiqə bölümündə isə fərqli yanaşma tərzi ilə seçilən filmlər yarışır.

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalı bu il noyabrın 10-dan 15-dək Bakıda keçiriləcək.

Ana səhifəXəbərlərBakı Beynəlxalq Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb