Bakı Beynəlxalq Qısa Filmlər Festivalı

Mənbə: Foto: arxiv

Başlıq: Bakı Beynəlxalq Qısa Filmlər Festivalı

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başlayır

Nümayişlərə giriş sərbəstdir

Noyabrın 6-da Bakıda ənənəvi Beynəlxalq Qısa Filmlər Festivalı kçiriləcək.

10-cu açılışını edən kinoforuma bu il 79 ölkədən (Fransa, İtaliya, Almaniya, Belçika, Türkiyə, İran, Rusiya, Gürcüstan, Özbəkistan, Polşa, Misir, Əfqanıstan, Rumıniya, Suriya, İspaniya, Portuqaliya, Avstraliya, Kanada, Bolqarıstan, Hindistan, Çexiya, ABŞ, İngiltərə, İsveçrə, İsveç və digərləri) 3484 qısametrajlı film təqdim edilib. “Cinemobil” də daxil olmaqla festivalın yerli proqramına 84 ekran işi göndərilib.

8 nəfərdən ibarət Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 21 ölkədən 48 film yarışacaq. Beynəlxalq müsabiqədə 29, yerli müsabiqədə 19 film “Qızıl nar” uğrunda mübarizə aparacaq.

Beynəlxalq müsabiqənin qaliblərini bir çox kino mükafatlarına layiq görülən kino və teatr rejissoru, ssenarist İlqar Safat (Azərbaycan), 65-ci Kann kinofestivalının “Qızıl palma” mükafatçısı kinorejissor Rezan Yaşılbaş (Türkiyə), 60-dan xarici festivallarda mükafatlara layiq görülən Kərim Əzimi (İran), CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri (Gürcüstan) və əməkdar incəsənət xadimi Bəhram Bağırzadədən (Azərbaycan) ibarət beynəlxalq münsiflər heyəti seçəcək.

Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru” nominasiyaları üzrə mükafatlandırılacaqlar.

Yerli müsabiqədə “Qızıl nar” mükafatı uğrunda mübarizə aparacaq filmləri yerli mütəxəssislərdən ibarət münsiflər heyəti – xalq artisti Vidadi Həsənov, əməkdar artist Gülzar Qurbanova, DokuBaku Film Festivalının direktoru, rejissor İmam Həsənov müəyyənləşdirəcək. Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” nominasiyaları üzrə seçiləcək.

Kinoforum çərçivəsində CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının təqdimatında sənədli filmlər nümayiş olunacaq, ustad dərsləri, müzakirələr keçiriləcək.

Festival bundan əvvəlki illərdə “Start” Beynəlxalq Qısa Filmlər Festivalı adı altında reallaşıb. Beynəlxalq status daşıyan festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Bu illər ərzində miqyasını xeyli genişləndirməyi bacaran kinoforum yerli müəllifləri həvəsləndirməklə yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış edir, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaradır.

Festivalın açılış mərasimi 6 noyabr saat 18:30-da, bağlanış- mükafatlandırma mərasimi isə 9 noyabr saat 17:30-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Filmlər noyabrın 6-dan 9-dək saat 11:00-16:00 aralarında Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Nümayişlərə giriş sərbəstdir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5ln7cs

Ən çox baxılan