Məhkəmə işin indiki vəziyyətində dəyişiklik olmadığını əsas gətirərərək şikayəti təmin etməyib
Bakı Apellyasiya Məhkəməsi “Toplum TV”nin əməkdaşı, jurnalist Şahnaz Bəylərqızının apelyasiya şikayətini təmin etməyib.
Bu barədə onun vəkili Bəxtiyar Hacıyev məlumat verib.
Məhkəmə işin indiki vəziyyətində dəyişiklik olmadığını əsas gətirərərək şikayəti təmin etməyib.
2025-ci il fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) “Toplum TV işi”ndəki ittihamlar üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Fevralın 7-də Vəkili Bəxtiyar Hacıyev bildirib ki, ciddi sağlamlıq problemlərilə əlaqədar Bəylərqızı tibbi müşahidəyə götürülüb.
Fevralın 8-də Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı İlham Əliyev və Mehriban Əliyevaya müraciət ediblər.
Onlar Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması üçün təklif və jurnalistin səhhətində mövcud olan problemlərlə bağlı narahatlıqlarını bildiriblər.
Fevralın 11-də Hüquq müdafiə Təşkilatlari Monitorinq Qrupunun üzvləri jurnalist Şahnaz Bəylərqızı ilə əlaqədar Azərbaycan Daxili İşlər Nazirliyində olublar.
Şahnaz Bəylərqızı “Toplum TV”nin aparıcısı olub. “Toplum TV”yə açılan cinayət işindən sonra isə verilişin yayımı dayandırılıb.
2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, “Demokratik Təşəbbüslər İnstitutu”, həmçinin “III Respublika Platforması“nın ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb.
Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb, lakin “Toplum TV”nin ofisinin qapısı möhürlənib.
“Toplum TV”nin jurnalistləri Fərid İsmayılova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri, 2025-ci il yanvarın 17-dən barəsində həbs qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polis nəzarəti altına vermə barədə qətimkan tədbiri) və “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri, həmçinin “III Respublika Platforması“nın spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
2024-cü ilin martın 8-də “III Respublika Platforması“nın qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli də həmin ittiham üzrə həbs olunublar.
2025-ci il yanvarın 17-də “Toplum TV işi üzrə” ittiham olunan şəxslərin ittihamı ağırlaşdırılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1-ci (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2-ci (…xeyli miqdarda törədildikdə), 206.4-ci (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1-ci (vergiləri ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-a yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 357 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların dediyinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.