Bakı

Mənbə: Foto: arxiv

Başlıq: Bakı

“Bakı 5 ulduzlu otel sayına görə liderdir”

İqtisadçı: “Say büdcədən oğurlanan vəsaitlərin əmlak bazarına yatırılmasından xəbər verir”

Bakı 5 ulduzlu otellərin sayına görə bir çox turistik, böyük şəhərlər arasında birincidir. İqtisadçı Qubad İbadoğlu bu barədə məlumatı “booking.com” otel axtarış saytından əldə edib.

İqtisadçı deyir, Bakıda nə az, nə çox, düz 109 dənə 5 ulduzlu otel var. Bu say Parisdə 102, Moskvada 38, Vaşinqtonda 20, Brüsseldə 14, Tbilisidə 13-dür.

“Gələn qonaqlar hakim dairələrə məxsus otellərdə yerləşdirilir”

İqtisadçı hesab edir ki, Azərbaycanın paytaxt şəhərində 5 ulduzlu otellərin sayının 100-dən çox olması neft fondundan və büdcədən oğurlanan vəsaitlərin bir hissəsinin əmlak bazarına yatırılmasından xəbər verir. Bundan əlavə, otellər büdcədən beynəlxalq tədbirlərin təşkilinə ayrılan vəsaitin silinməsində əhəmiyyətli rol oynayır:

“2020-ci ilin büdcəsindən bu məqsədlə 221,5 milyon manat ayrılıb. Bakıya gələn qonaqlar da əsasən, hakim dairələrə məxsus olan 5 ulduzlu otellərdə yerləşdirilir. Həm də ölkə paytaxtında 5 ulduzlu otellərin çoxluğu gəlirlərin və sərvətlərin ədalətsiz bölüşdürülməsinin göstəricidir”.

“Çoxu 5 ulduz statusunu rüşvət müqabilində qazanıb”

Qubad İbadoğlu deyir ki, ölkədə 100 minlərlə gənc mənzilsiz yaşadığı halda, bu otellər yalnız beynəlxalq tədbirdən tədbirə doldurulur. Həm də böyük etimalla Bakıdakı 5 ulduz otellərin hamısı həmin standartlara uyğun xidmət göstərməsə də, rüşvət müqabilində həmin statusu qazanıb”.

Qubad İbadoğlu

Qubad İbadoğlu

Mənbə: Foto: Meydan tv

“Bakıda 5 ulduzlu otelin bir gecəsi 220 dollardan başlayır”

İqtisadçı əlavə edir ki, nəhayət, Bakıda 5 ulduzlu otellərin sayının 2 və 3 ulduz otellərin sayına bərabər olması (onların birlikdə sayı 112-dir) Azərbaycanın turizm cəlb ediciliyini aşağı salır. Ölkəni rəqabətdə uduzdurur. Çünki turistlər adətən, aşağı ulduzlu, ucuz otelləri olan ölkələrə səyahət edirlər:

“Adicə götürək yeni ili. Bakıda yeni il Moskva və Parisə baxanda gözəl keçirilmir. Amma dekabrın ortalarında Bakıdakı otellərin 52-də 1 gecənin qiyməti 220 dollar və ya 374 manatdan başlayır”.

Bəs digər şəhərlərdə 5 ulduzlu otellərin qiyməti neçəyədir?

Müqayisə üçün dekabrın ortalarında Moskva, Paris, Brüssel, Tbilisi və Vaşinqtondakı 5 ulduzlu otellərin bir gecəsinin qiymətinə baxdıq. Moskvada 5 ulduzlu otelin gecəsi 99 dollardan (168 manat), Parisdə 192 dollardan (326 manat), Brüsseldə 147 dollardan (250 manat), Tbilsidə 80 dollardan (136 manat), Vaşinqtonda isə 143 dollardan (269 manat) başlayır. Tbilsidə ən məşhur 5 ulduzlu otellərin gecəsi 161 - 180 dollar (274- 305 manat) arasıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/cybxs7

Ən çox baxılan