Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı keçirilir

“Qızıl Nar” mükafatı uğrunda 85 film yarışır

Source: Meydan Tv


“Qızıl Nar” mükafatı uğrunda 85 film yarışır

Pandemiya ilə əlaqədar olaraq ölkədə keçirilən bir sıra beynəlxalq tədbir və festivallar onlayn reallaşdırılır.

Hazırda Bakıda Beynəlxalq Qısa Filmlər Festivalı keçirilir. 11-ci kinoforumda ümumilikdə 72 ölkədən 3086 qısametrajlı film (İtaliya, Türkiyə, Almaniya, Fransa, Belçika, İran, Çin, Rusiya, Gürcüstan, Özbəkistan, Polşa, Misir, Əfqanıstan, Ruminiya, Suriya, İspaniya, Portuqaliya, Avstraliya, Kanada, Bolqarıstan, Hindistan, Çexiya, ABŞ, İngiltərə, İsveçrə, İsveç və digərləri) təqdim edilib. Bunlardan 97 ekran işi festivalın yerli proqramına göndərilib.

Onlardan 85 film festivalın Beynəlxalq, Yerli və “Cinemobil” müsabiqəsində yarışmaq hüququ qazanıb. Müsabiqədə yer alan bütün yerli və xarici qısa filmlər www.live.filmfestival.az saytında izləmək mümkündür.

Beynəlxalq müsabiqədə “Qızıl Nar” uğrunda yarışan filmləri Azərbaycan və Rusiyanın tanınmış rejissoru, prodüser Oleq Səfərəliyev (sədr), “Rotterdam”, “Locarno”, “Sarayevo” festivallarının mükafatçısı türkiyəli rejissor, prodüser Mehmet Bahadır Er, DOKER Beynəlxalq Sənədli Filmlər Festivalının direktoru rusiyalı prodüser İrina Şatalova, Avropa və ABŞ-da müxtəlif kino mükafatlarına layiq görülən rejissor Rüfət Əsədovdur.

33 ekran əsərinin yarışdığı yerli müsabiqədə qalibləri ssenarist, telejurnalist, kino redaktoru Nadir Bədəlov (sədr), Kann festivalının “Təndiqçilər həftəsi” (Semaine de la Critique) proqramında Azərbaycanı təmsil edən ilk rejissor, prodüser Teymur Hacıyev, Kazan Film Festivalın əsas mükafatçısı rejissor Ərturan Nəcəfi müəyyənləşdirəcək.

Hər il daha çox gənc kinematoqrafçını əhatə edən “Cinemobil”in qaydaları bu il dəyişib. Beləki, qalibi tamaşaçılar deyil, yerli münsiflər heyəti seçəcək və o “Ən yaxşı film” nominasiyası üzrə mükafatlandırılacaq.

Festivalın qalibləri dekabrın 15-də açıqlanacaq.

Ana səhifəXəbərlərBakıda Beynəlxalq Qısa Filmlər Festivalı keçirilir