Oqtay Əsədov Fazil Mustafaya ”Kimsə özünü “geroy” hesab edib sinəsinə döyməsin ki, vaxtilə mən belə demişdim, elə demişdim” deyə əsəbləşdi
Azərbaycanda və xarici ölkələrdə təhsil alan, Azərbaycan vətəndaşı olan bütün bakalavr, magistr və doktorantlara hərbi xidmətdən möhlət hüququ veriləcək.
Bu məsələ Milli Məclisin növbədənkənar plenar iclasında qəbul olunan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.
Layihə haqda məlumat verən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, hərbi xidmətə çağırışdan möhlət hüququ indiyədək ancaq bakalavriat pilləsində təhsil alanlara verilirdi.
Qanunun 21-ci maddəsinə edilən dəyişikliyə görə, bundan sonra həmin möhlət hüququ magistratura və doktorantura səviyyələrinə də şamil olunacaq.
Eyni zamanda, xarici ölkələrdə əyani təhsil alanlara bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək çağırışdan möhlət hüququ veriləcək.
İndiyə qədər Azərbaycanda ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək, xarici ölkələrin siyahısı Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat), tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət verilib.
Ancaq müzakirələr narazılıqsız ötüşməyib. Deputat Fazil Mustafa həmkarlarını qınaq obyektinə çevirib. O, xatırladıb ki, o zaman həmin qanun layihəsindən möhlət hüququnun çıxarılmasını az qala bütün deputatlar dəstəkləyiblər: “Ancaq nə yaxşı ki bizim təhsilimizi, gələcəyimizi düşünən prezidentimiz var. Millət vəkillərinin bütün çıxışları, protokolları durur. Yəqin ki, ölkə başçısı da millət vəkillərinin fikirlərindən sonra belə bir qərar qəbul edib. İctimaiyyətin fikrini nəzərə alıb. O hər şeyi bizdən daha yaxşı görür. Biz burada nə dediyimizə fikir verməliyik ki, sonradan pis vəziyyətə düşməyək”.
Spiker Oqtay Əsədov isə həmkarına əsəbi şəkildə cavab verib: “Əslində möhlət hüquqi həmin qanunun predmeti deyildi. Ona görə də həmin qanundan çıxarılmalı idi. Möhlət hüququ məsələsi ilə bağlı qərar vermək səlahiyyəti də cənab prezidentə məxsus idi. O bunu nə zaman edəcəyinə özü qərar verir. Yəni, indi kimsə özünü “geroy” hesab edib sinəsinə döyməsin ki, vaxtilə mən belə demişdim, elə demişdim. Bu məsələ ilə bağlı qərarı prezident verib və verir”.
Fazil Mustafanın qeyd etdiyi müzakirələr zamanı Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli başda olmaqla bir sıra deputatlar doktorant və magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməsinin əleyhinə çıxıb, fikirləri təsdiqləmək üçün müxtəlif arqumentlər gətirmişdilər. Lakin sonradan prezident İlham Əliyevdən parlamentə magistr və doktorantlar üçün hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilk qaydasında təşəbbüs gəldikdən sonra elə həmin millət vəkilləri öz dedikləri arqumentlərin tam əksinə olan fikirlər söyləyərək, möhlət hüququnun olmasının vacibliyini bildiriblər.