Vitse-spiker deyilənləri təkzib etdi
“Mən birmənalı şəkildə deyirəm ki, gətirdiyiniz sitatlar mənim nə dekabrın 2-dəki büdcə müzakirələri zamanındakı çıxışımda, nə ondan əvvəlki, nə də ondan sonrakı dövrlərdə mənim dilimdən səslənməyib. Bunlar kimlərinsə təxəyyülünün məhsuludur. Mən başqalarının “təxəyyülünün” bu cür məhsuluna cavabdehlik etmək niyyətində deyiləm. Mənim konkret olaraq büdcə müzakirələrindəki çıxışımın videoyazısı sosial şəbəkədə, həm də Youtube-də var. Maraqlananlar ona baxıb orada fikrimi necə ifadə etdiyimlə tanış ola bilərlər”.
Bu sözləri vitse-spiker Bahar Muradova
“Musavat.com”
-a açıqlamasında deyib.
“Politika.az” saytı
nın məlumatına görə, deputat 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı “xalq ayağını yorğanına görə uzatsın və hökumətdən olan gözləntilərini sonraya saxlasın” deyib. Bu fikir sosial şəbəkələrdə etiraza səbəb olub.
Bundan əvvəl də bir neçə deputatın fikirləri qalmaqal yaratmış, sonradan həmin şəxslər deyilənləri təkzib etmişdi. Bahar Muradova bununla bağlı sualı da cavablandırıb:
“Bilirsiniz, ümumiyyətlə, kimliyindən asılı olmayaraq, kimsə cəmiyyətə yönəlik fikir səsləndirirsə, o, bunu müvafiq hüquq normaları çərçivədə işlətməyə çalışmalı, öz mövqeyini də ona uyğun şəkildə bildirməlidir. Hətta bu və ya digər açıqlamalara şərhlər, münasibətlər bildirilirsə, o da ən azı etik çərçivədə və mənəvi dəyərlərə uyğun gəlməlidir. Biz cəmiyyətdə yaşayırıq və burdakı münasibətlər də müəyyən kriteriyalar, müəyyən çərçivələr daxilində qurulur”.
Bahar Muradova iclasda çıxışının videoyazısını da
“Musavat.com”
-a təqdim edib. Həmin çıxışı zamanı deputat neft bumu dövründə görülən işlərdən danışır və 2017-ci ilin büdcəsi ilə bağlı deyir:
“Son illər məhz neftdən gələn gəlirlər hesabına Azərbaycanda çox böyük işlər görüldü. Azərbaycanın inkişafı üçün vacib olan hərtərəfli infrastruktur yaradıldı. Xatirinizdədirsə, dövlər bu layihələri həyata keçirəndə Milli Məclisdə bizim bəzi həmkarlar bu qədər böyük işləri reallaşdırmağın doğru olmadığını deyirdilər. Neftdən gələn gəlirləri Neft Fondunda saxlayaraq, gələcək nəsillərə ötürməyi tövsiyə edirdilər. Razılaşaq ki, əgər o zaman həssaslıqla yanaşıb indiki kimi onu qorumağa çalışsaydıq, bu işləri görə bilməyəcəkdik. Bu gün də istəsəydik o işləri görək, 4 dəfə azalan gəlirlər hesabına onu etmək mümkün olmayacaqdı. Ona görə də hesab edirəm ki, dünən Azərbaycanın inkişafının start götürməsi üçün bu addımları atmaq lazım idi, bu gün yığcamlaşdırmaq və balanslaşdırmaq lazımdır”.