Əməliyyat Şirkətinin işçiləri neçə aydır tam maaş almadıqlarını deyirlər
“Son 6-7 aydır maaşımızı vaxtlı-vaxtında ala bilmirik. Hər ay maaşın 30-40 faizi ödənilir, amma o da kredit borclarına görə banklar tərəfindən tutulur. Etiraz aksiyaları da nəticə vermir, çarəsiz vəziyyətdəyik”.
Bunu Meydan TV-yə “Bahar Energy” Əməliyyat Şirkətinin bir qrup əməkdaşı bildirib. Adlarının açıqlanmasını istəməyən şikayətçilərin sözlərinə görə, işçilərin çoxu banklardan kredit götürüb.
“Kredit götürərkən faizlərin maaşdan tutulması ilə bağlı bankların təkidi ilə razılıq vermişdik. Lakin həmin vaxt əməkhaqqını tam və vaxtında alırdıq. İndi maaşın yalnız 30-40 faizi karta köçürülür, bu barədə mesaj gəlir. Məsələn, mənə mesajın gəlməsi ilə pulu çıxarmağa getməyim 5-10 dəqiqə çəkir. Amma yenə də banklar məndən cəld tərpənir. Banka müraciət etmişik ki, kredit əməkhaqqıdan tutulmasın, amma nəticə vermir”,- işdən çıxarılacağından ehtiyatlanaraq adının açıqlanmasını istəməyən işçilərdən biri deyib.
İşçi bildirib ki, hələ də noyabr və dekabr aylarının maaşı ödənilməyib, oktyabr ayının isə yalnız müəyyən faizi verilib. Banklar kredit borclarına görə əlavə güzəştlər etmir, şirkət də maaşları ödəməyə tələsmir: “Üç azyaşlı övladım, 72 yaşlı anam mənim himayəmdədir. Günlərdir evə ət, meyvə ala bilmirəm. Vəziyyətin nə vaxta qədər belə davam edəcəyini bilmirik. Etiraz aksiyaları da nəticə vermir”.
Şikayətçilərdən biri isə bildirib ki, həyat yoldaşı vəfat edib, tənha qadındır. Övladının təhsil haqqını ödəmək üçün kredit götürüb, bank faizləri maaşından tutur:
“Şirkətdə 800 işçi var, onlardan yarısı mənim vəziyyətimdədir, çoxu banklardan kredit götürüb, borcun içində üzürük. Elə işçi var ki, kredit faizi üç mini ötüb. Maaşı alıb faizi bağlamalıdır. Nə işdən çıxa bilirik, çünki şirkət borclu olduğu maaşı ödəməyəcək, nə də bu vəziyyətdə dolana bilirik. Şikayətimizə məhəl qoyan yoxdur”.
İşçilər iddia ediblər ki, şirkət SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qızının nəzarətindədir. Bundan əvvəl isə Abdullayevin mərhum qaynatasının nəzarətində olub.
Rəsmi məlumatlara görə, “Bahar Energy” LTD "Green fields Petroleum" şirkətinin (sözügedən yataqlarda 80 faiz paya sahibdir) törəmə şirkəti kimi "Bahar" və "Qum-dəniz" yataqlarında əməliyyatlar həyata keçirir. Şirkətin 20 faizi SOCAR-a məxsusdur. Yataqlardan ümumi hasilat 4400 gündəlik bareldir.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov da "
Qafqazinfo”
ya “Bahar Energy” Əməliyyat Şirkətində işçilərin maaşlarının gecikməsi faktını təsdiqləyib. Bildirib ki, ötən ilə qədər Dövlət Neft Şirkəti qaz hasilatçılarından qazı alıb paylayıcılara ötürüb. Həmin hasilatçı şirkətlərdən biri də “Bahar Energy” Əməliyyat Şirkətidir: “Abonentlərdən SOCAR-a kommunal ödəniş gəlirdi və hökumətin nəzarəti altında olan bu hesabdan biz “Bahar Energy” Əməliyyat Şirkətinə pul ödəyirdik. Burada söhbət əsasən "Azərenerji"nin ödənişlərindən gedir. Çünki "Azəriqaz"ın ödənişləri birbaşa gəlirdi, amma "Azərenerji"nin ödənişləri həmin hesab vasitəsilə gəlirdi. Burada ləngimə yaranmışdı. Kommunal hesabdan bizə köçürmə məsələsində bu ləngiməyə görə SOCAR da pulu “Bahar Energy” Əməliyyat Şirkətinə köçürə bilmirdi və buna görə işçilərin pulunu ödəyə bilmirdilər. Bununla bağlı müzakirələrimiz, müraciətlərimiz olub və ümid edirik ki, məsələ tezliklə öz həllini tapacaq və komunal hesaba pul köçürüləcək. Ola bilər ki, bu günlərdə, bu saatlarda köçürülsün”.
Yazı nəşrə hazırlanarkən Meydan TV təkrar işçilərlə əlaqə saxlayıb. Onlar maaşlarını hələ almadıqlarını bildiriblər.