Bankların əmlakı hərraca çıxarılacaq
“Azərbaycanda ləğvetmə prosesində olan banklarda qorunan əmanətlər üzrə 26,8 mln. manat ödənilməmiş kompensasiya məbləği qalıb”.
Aprelin 18-də keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov belə deyib.
“APA-Economics”-in məlumatına görə, icraçı direktor bildirib ki, indiyədək ödənilən kompensasiya məbləği 727 mln. manat təşkil edir. “Bu banklarda qorunan əmanətlərin məbləği 1 milyard 130 milyon manatdır. Kompensasiya məbləği 22 min 666 nəfərə ödənilib. 175 min 943 nəfərə isə hələlik kompensasiya verilməyib. 106 min nəfərin əmanəti 1 manata qədər olanlardır. Ümumilikdə bu banklar üzrə 2,9 mlrd. manat ümumi öhdəlik var”.
A.Cavadovun sözlərinə görə, ləğvetmə prosesində olan bankların əmlaklarının qiymətləndirilməsi prosesi də başa çatıb. Əmanətlərin Sığortalanması Fondunda bununla bağlı akt var:
“Ləğvetmə prosesində olan bankların əmlaklarının satılması prosesi şəffaf qaydada, hərraclar yolu ilə həyata keçiriləcək. Ləğvetmə prosesində olan bankların çox sayda əmlakları var, bunların əksəriyyəti kiçik əmlaklardır. Hazırda biz iki hərrac mərkəzi ilə danışıqlar aparırıq. Məhkəmə qərarı olandan sonra ləğvetmə prosesində olan bankların əmlakları satışa çıxarılacaq. Hərracları Kreditorlar Komitəsi də izləyə biləcək. Əmanətlərin Sığortalanması Fondu hərraclar vasitəsi ilə satılan əmlaklar barədə rübdə bir dəfə Kreditorlar Komitəsinə məlumat veriləcək”.