”Parabank”ın əmanətçilərinə 13.8 mln, ”Zaminbank”ın əmanətçilərinə 15.2 mln, ”Kredobank”ın əmanətçilərinə 3.6 mln, ”Dekabank”ın əmanətçilərinə isə 1.7 mln manatdan artıq kompensasiya verilib
Avqustun 11-ə olan məlumata görə,Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Parabank” ASC, “Zaminbank” ASC, “Kredobank” ASC və Dekabank” ASC-yə əmanətlərin qaytarılması üçün 34.3 mln manat kompensasiya ödəyib. Bu haqda Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Məlumatda deyilir ki, avqustun 10-da “Parabank”ın əmanətçilərinə 13.8 mln, “Zaminbank”ın əmanətçilərinə 15.2 mln, “Kredobank”ın əmanətçilərinə 3.6 mln, “Dekabank”ın əmanətçilərinə isə 1.7 mln manatdan artıq kompensasiya ödənilib.
Fond bəyan edib ki, 2 mart 2016-cı il tarixdən əvvəl illik 12 %-ə qədər xarici valyutada yerləşdirilən əmanətlər üzrə hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödəniləcək.
Fondun avqustun 10-a olan məlumatında deyilirdi ki, sözügedən banklara 31 mln manatdan artıq kompensasiya ödənilib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank”ASC, “Kredobank”ASC, “Parabank”ASC və “Zaminbank”ASC-nin bank lisenziyaları ləğv edilib.
Avqustun 1-dən etibarən ƏSF “Dekabank”ASC, “Kredobank”ASC, “Parabank”ASC və “Zaminbank”ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.