Nəticə – hava limanlarının uçuş zolaqlarını toz basacaq, ortada dövlət büdcəsinin 100 milyonlarla manat vəsaiti gedəcək…
Gəncə Hava Limanının yenidən qurulmasına 39.5 milyon, Lənkəran hava limanının tikintisinə 51.5 milyon, Zaqatala aeroportunun yenidən qurulmasına isə 27.1 milyon xərclənib
Noyabrın 21-dən rentabelli fəaliyyət göstərməməsinə görə Bakı-Gəncə-Bakı və Bakı-Qəbələ-Bakı aviareysləri ləğv olunur.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski də təsdiqləyib ki, həmin reyslər təyyarələr kifayət qədər dolmadığı üçün ləğv edilir: “Artıq Bakı-Qəbələ-Bakı istiqamətində uçuşlar həyata keçirilmir. Bakı-Gəncə-Bakı reysi isə noyabrın 21-də ləğv olunacaq”.
Rentabelsiz 200 milyon?
Bakı Beynəlxalq Hava Limanından savayı, Azərbaycanın bölgələrində 6 hava limanı var. 7-ci hazırda tikintisi yarımçıq qalan Quba Hava Limanı olacaqdı. Hələlik tikilib başa çatdırılacağı, yoxsa tikintisinin birdəfəlik dayandırılacağı barədə məlumat verilməyib. Ümumiyyətlə, son illərdə bölgələrdə aeroportların tikintisi, təmiri və yenidənqurmasına az vəsait xərclənməyib.
Təkcə 2011-ci ilin investisiya proqramı çərçivəsində iri vergi ödəyicilərinə ayrılan 679 milyon manat vəsaitin 261 milyonu AZAL-a çatıb. Bu vəsaitin 80 milyonu Qəbələdəki Hava Limanının tikintisinə xərclənib. Gəncə Hava Limanının yenidən qurulmasına 39.5 milyon, Lənkəran hava limanının tikintisinə 51.5 milyon, Zaqatala aeroportunun yenidən qurulmasına isə 27.1 milyon xərclənib.
Rentabelli olmayacaqdısa…
İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, infrastruktura qoyulan sərmayə ondan maneəsiz istifadə edən biznes subyektləri olarsa effektiv olur:
“Sadə bir müqayisə – dünya standartlarından da ötə magistral yol çəkirsən, amma insanlara bu yoldan istifadə etməyə imkan vermirsən. Belə yol kimə və nəyə lazımdı, bunun cəmiyyətə hansı faydası var? Rəsmi məlumat yayılıb ki, rentabelsiz olduqları üçün Bakı-Gəncə və Bakı-Qəbələ aviareysləri bağlanır. Ayağı ilə sonu cəmi 400 kilometr olan, alternativ nəqliyyat imkanlarına (dəmiryolu, sürət magistralları) malik ölkədə hər 100 kilometr trayektoriyada bir hava limanı tikməyin nə mənası var? Yaxşı, deyək tikdiniz və bunun turizmə xidmət edəcəyini deyirsiniz. Bəs niyə turizmi inhisara alıb, bu sektorda rəqabət mühitinin yaranmasına imkan vermirsiz? Niyə məmləkət qapalı ölkəyə çevirilib, xarici turistlər buradan qaçırılır? Niyə imkan verilmir ki, bizi dünya xidmət bazarına daşıyacaq samballı və bacarıqlı əcnəbi biznes bu sektora maraq göstərsin? Nəticə – hava limanlarının uçuş zolaqlarını toz basacaq, ortada dövlət büdcəsinin 100 milyonlarla manat vəsaiti gedəcək…”.
600 milyonluq layihə
Bakı-Tiblisi-Qars dəmir yolu xəttinin də 2015-ci ilin sonlarında istifadəyə veriləcəyi deyilir. İlham Əliyev bu layihəni Azərbaycanın müstəqilliyi, suvenerliyinin möhkəmlənməsi və ölkənin xarici iqtisadi əlaqələrinin genişlənməsi baxımından əlverişli sayır.
Üstəlik, dəmiryolu daşımaları ən ucuz vasitə olduğu üçün Azərbaycanın bu layihədən mənfəətinin yüksək olacağı düşünülür. Siyasi mənfəəti isə Şərqlə Qərbi birbaşa birləşdirən körpüyə çevrilməsidir.
2014-cü ilə qədər layihəyə 536,8 milyon manat xərclənib. Dövlət Neft Fondunun 2015-ci il büdcəsindən isə layihəyə daha 111,5 milyon manat ayrılıb.
Bölgə aeroportları, yoxsa sürət qatarları?
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, bir tərəfdən dəmiryol xətti, digər tərəfdən isə bölgə aeroportlarının tikilməsi anlaşılan deyil: “Məncə, sürət qatarları daha əhəmiyyətli ola bilər. Ölkə kiçik, qatar isə sərfəlidir. Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinə 600 milyona yaxın vəsait xərcləyib. Layihəyə görə, Gürcüstana 20 il müddətinə 200 milyon faizsiz kredit verib. Bir tərəfdən də milyonlarla vəsait hesabına bölgələrdə hava limanları tikilib. Üstəlik, rentabelliyi də yoxdur. Məncə, iki yoldan biri seçilməli idi”.
“Həmin reyslər bu günə qədər neftin hesabına saxlanırdı…”
Turizm üzrə ekspert Ülvi Həsənli isə deyir ki, Bakı-Gəncə, Bakı-Qəbələ reysləri bu günə qədər neftdən gələn gəlir hesabına saxlanırdı: “İndi də neft pulları qurtarır, başlayırlar bağlamağa. Həmin reyslərdən istifadə edən az idi. 200-300 km-lik məsafəni getməyə alternativlər – avtobus, qatar, avtomobil varkən niyə əlavə pul xərcləyib təyyarəni seçsinlər? Avropada buna oxşar və daha uzun məsafələrə ucuşlar 20 avrodur. AZAL-ın reysləri kifayət qədər baha olduğundan boş uçurdu təyyarələr. Nəticəsini də gördük”.