Bağışlanmaz səhv

Mənbə: Meydan TV

Rövşən Hacıbəyli

Mahmud Məmmədovun müsahibəsi yerinə düşmədi

Hamı ötən ildən bilir: bu il Heydər Əliyev ilidir. Adətən, illərə ad yeni il başlayandan sonra verilir, ancaq builki ad ötən il elan olunan “Şuşa ili” başa çatmadan verilib – 29 sentyabr 2022-ci ildə. İlə qabaqcadan ad verilməsi də təsadüfi deyil, hamı bilməli, hazırlaşmalıdır. Heydər Əliyevlə bağlı xatirəsi olan da, olmayan da nəsə yazmalıdır.

Qəzet-jurnal redaktorlarına xüsusi tapşırıq verilib, hamısı ən azı bir səhifəlik nəsə yazmalıdır, eyni zamanda müxtəlif peşə sahiblərinin də Heydər Əliyevlə bağlı yazılarını dərc etməlidir, yaza bilməyənin yerinə də. Hər redaksiya ayrıca buraxılış hazırlamalı, qəzetin, jurnalın bir nömrəsi bütünlüklə Heydər Əliyevə həsr olunmalıdır. Müxtəlif sahələr üzrə kitablar çap edilməlidir. Eləcə də ədəbiyyat, incəsənət adamları da öz sözünü deməlidir. Şairlər ilhamlarını işə salıb şeirlərini yazmalıdır. Saxta mandatlı deputatlar, akademiklər, alimlər də ya yazı, ya da müsahibə ilə 100 illiyə öz töhfələrini verirlər.

Bankir Mahmud Məmmədov da “dəstədən geridə qalmamaq üşün” Heydər Əliyevlə bağlı xatirə yazısını qafqazinfo” saytına yollayıb. Həmin yazı bu il mayın 2-də sayta qoyulub.
Xatirə yazısında oxucular üçün maraqlı məqamlar, gizlinlər var. Ola bilsin, bu məqamlardan bəziləri hakimiyyətdəkilərlə yanaşı, Eynulla Fətullayevin də diqqətini çəkib və onda Mahmud müəllimlə müsahibəyə ehtiyac yaranıb…

Ancaq elə “qafqazinfo.az” saytındakı yazı da düşünməyə xeyli əsas verir. Mahmud Məmmədov Ayaz Mütəllibov hakimiyyəti zamanı parlayıb, sahibi olduğu “Günaybank” 1992-ci ildə yaranıb, yəni Ayaz müəllimin hakimiyyəti illərində. Maraqlıdır ki, o illərdə Ayaz Mütəllibovla Heydər Əliyevin münasibətləri yaxşı olmayıb. Necə ola bilər ki, Mütəllibovun adamı kimi tanınan, eyni zamanda ona yaxınlığı ilə müəyyən imtiyazlara sahib olan biri Əliyevin hakimiyyətə gəlməsi üçün çalışıb (özünün dediyinə görə). Ayaz Mütəllibovun yanında ola-ola, Heydər Əliyev haqqında çəkiləcək filmin maliyyəsini üzərinə götürüb, həm də ozamankı prezidentin Əliyevə münasibətini bilə-bilə. Üstəlik, rabitə nazirinin müavini Nadir Əhmədov (Ayaz Mütəllibovun vaxtında, 1991-ci ildə nazir müavini olub) Mahmud Məmmədovun ofisinə özəl telefon xətti çəkdirir. Xatirə yazısından sitat: “…O zaman rabitə nazirinin müavini olan mərhum Nadir Əhmədov Naxçıvanla rahat əlaqə saxlamaq olsun deyə, ofisimə özəl telefon xətti çəkdirdi. Bunun sayəsində Ulu Öndərlə tez-tez telefonla danışa bilirdim…”.

Bu, o illər idi ki, Heydər Əliyev hələ hakimiyyət iddiasını tam açıq şəkildə ortaya qoymamışdı. Azərbaycan Xalq Cəbhəsininsə çox güclü və hakimiyyətə iddialı vaxtlarıydı, Ayaz Mütəllibov da hakimiyyətini, prezidentliyini qorumaq üçün “Qardaşlıq”la birgə mübarizə aparırdı. Yeri gəlmişkən, Əbülfəz Elçibəyin də, Ayaz Mütəllibovdan fərqli olaraq, Heydər Əliyevə münasibəti müsbət idi…

Bundan başqa, xatirə yazısında və müsahibədə, açılması məsləhət olmayan məsələlərdən danışılır. Görünür, Mahmud Məmmədovun 100 illiyi fürsət bilib Əliyevlər üçün elədiklərini illər sonra dilə gətirməsi heç də yerinə düşməyib. Eynulla Fətullayevlə müsahibəsi sayta qoyulan gün (7 may 2023) onun giley dolu başqa bir açıqlaması da var: “Bankın ehtiyacı olsa da, Mərkəzi Bank “Günay Bank”-a vəsait ayırmayıb. Elə banklar vardı ki, 500-600 milyon manat kredit verirdi, bizə isə 1-2 milyon manat kredit verməyi də çox görürdü”.

Ola bilsin, Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə “Günay Bank”ın “məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından (50 milyon) az olması”nın səbəbini elə o xatirə yazısında və müsahibədə axtarmaq gərəkdir…

Ana səhifəMənim FikrimcəBağışlanmaz səhv