İlham İsmayıl: “Bu hadisələr Rusiyanın təcrid olunması ilə nəticələnə bilər”
“Ukraynada Babçenko hadisəsi sübut etdi ki, Rusiya xüsusi xidmət orqanları siyasi qətlləri həyata keçirməklə məşğuldur”.
Bunu Meydan TV-ə təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
Ukrayna Təhlükəsizlik Xidməti mayın 30-da öldürüldüyü deyilən rusiyalı jurnalist Arkadi Babçenkonun sağ olması və bütün bunların xüsusi xidmət orqanlarının əməliyyatı olduğu haqda açıqlaması dünya mediasının əsas müzakirəsinə çevrilib.
Jurnalistlər qarşısına çıxan A.Babçenko deyib ki, sui-qəsd haqqında məlumat 2 ay bundan əvvəl məlum olub və əks əməliyyat hazırlanıb. O, bildirib ki, hadisədə iştirak edən şəxs həbs edilib.
İlham İsmayıl bu olayı çox ciddi hadisə hesab edib.
O, qeyd edib ki, Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları Rusiya əleyhinə olan jurnalistə sui-qəsdi bilib və nəticədə prosesi tam nəzarətə götürərək, təşkilatçılardan birini ələ keçiriblər.
“Rusiya əməliyyat qrupu təxminən 30-ya yaxın adamı öldürməyi planlamışdı. Babçenkonun qətli üçün isə 30 min dollar alıb və 15 min dolları da ödənilmişdi”.
Ekspert vurğulayıb ki, Babçenkonun öldürülməsi xəbəri yayılandan sonra prezident Putinin mətbuat katibi Peskov yazmışdı ki, Ukrayna bütün dünyanın qınaq obyektinə çevrilməlidir.
“Ancaq bu əks reaksiya verdi. Bilirsiniz ki, Londonda kəşfiyyatçı Skripal olayından sonra Rusiya bunu özündən yayındırmaq üçün bütün variantlarını işə salmışdı”.
Onun fikrincə, bu hadisələr Rusiyanın təcrid olunması ilə nəticələnə bilər.
“Vaxtilə İranı terrorçu dövlət elan edib, ona qarşı təcridetmə siyasəti aparıldı. Eyni mərhələ şimal qonşumuz üçün başlanır”.
İlham İsmayıl hesab edir ki, Rusiya bundan sonra vəziyyətdən çıxmaq üçün təbliğat maşınını bütün gücü ilə işə salacaq.
“Bütün cəhdləri ilə hadisəni lağ, ironiya obyektinə çevirmək istəyəcəklər. Amma ortalıqda adam həbs olunub və jurnalistin sağ qalması Kremli pis vəziyyətə salıb”.