Babayan Qarabağı təslim edənlərə cinayət işi açılmasına çağırış edib

Samvel Babayan. Foto: “radar.am”

Ermənistan Baş Prokurorluğu cinayət işinin başlandığını açıqlayıb

Keçmiş “Dağlıq Qarabağ rejimi”nin sabiq “müdafiə naziri” Samvel Babayanın açıqlamaları əsasında cinayət işi açılıb.

Azadlıq Radiosunun erməni xidməti yazır ki, Samvel Babayanın Ermənistanın İctimai Televiziyasının efirində səsləndirdiyi ifadələr və oktyabrın 6-da təqdim etdiyi bəyanat əsasında cinayət işi açılıb.

Samvel Babayan Yerevana çatdıqdan sonra hüquq-mühafizə orqanlarına çağırış edib.

Bildirib ki, “Dağlıq Qarabağın təslim olmasına görə” “Artsax hakimiyyəti“nə qarşı cinayət işi açılmalıdır.

Ermənistanın Baş Prokurorluğu “Azadlıq” Radiosunun sorğusuna cavab olaraq bildirib ki, Cinayət Məcəlləsinin 545 və 550-ci maddələri ilə cinayət işi açılıb.

Bu maddələr hərbi qulluqçunun səhlənkarlığını, öz xidməti vəzifələrini yerinə yetirməməsini, həmçinin müharibə və ya döyüş şəraiti, habelə komandir (rəis) kimi döyüş texnikasının düşmənə verilməsini özündə ehtiva edir”, – deyə açıqlamada qeyd olunur.

Ancaq Ermənistan Baş Prokurorluğu kimlərə cinayət işinin açıldığı barədə açıqlama yaymayıb.

S.Babayan ötən həftə Ermənistan mediasına demişdi ki, Azərbaycan status verəcəyi təqdirdə Qarabağı tərk edən ermənilər qayıda bilər.

Samvel Babayan 1965-ci ildə Xankəndidə doğulub.

1988-ci ildə Ermənistanın Azərbaycan iddiaları ilə başlayan “Miatsum” hərəkatının üzvlərindən olub.

1991-ci ilin iyununda SSRİ Daxili Qoşunlarının Azərbaycan polisi ilə birgə keçirdiyi əməliyyat zamanı həbs edilib və 6 ay Bakıda saxlanılıb.

Sonra sərbəst buraxılıb.

S.Babayan 1993-cü ilin aprelindən 1993-cü ilin noyabrınadək – “DQR Özünümüdafiə Komitəsinin sədri” vəzifəsini icra edib.

O, 1994-cü ilin mayında “DQ” adından Azərbaycanla Ermənistan arasında atəşkəs haqqında müqaviləni imzalayıb.

S.Babayan 2001-ci ildə “Dağlıq Qarabağın prezidenti” Arkadi Qukasyanın həyatına sui-qəsdə görə 14 il müddətinə azadlıqdan məhrum edilib, ancaq 4,5 ildən sonra əfv olunub.

2017-ci ildə “çirkli pullar”ın yuyulmasına görə 6 il müddətinə azadlıqdan məhrum edilsə də, 1 il sonra azad olunub.

2020-ci ildə II Qarabağ müharibəsində barışıq bağlamaq qərarı ilə razılaşmayaraq vəzifəsini tərk edib.

2021-ci ildə Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürsə də, uğur qazana bilməyib.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Separatçı respublika nə vaxt yaranıb?

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.

Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Ana səhifəDünyaBabayan Qarabağı təslim edənlərə cinayət işi açılmasına çağırış edib