Bəxtiyar Hacıyev: “Bu gün Ramiz Mehdiyev mənə yapışdırmağa çalışdığı ittihamla mühakimə edilir”

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

Sosial mediada hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin müraciəti yayılıb.

Müraciəti olduğu kimi təqdim edirik:

“2004-cü ildə Təhsil sistemində korrupsiyaya etiraz etdim; təhsil aldığım universitetdə xaric edilməyim gündəmə gəldi. 2007-ci ildə kommunal qiymətlərin artmasına etiraz məqsədi ilə sayt qurdum. 12 sutka inzibati qaydada həbs edildim. Həmin il dünyanın ən nüfuzlu universitetinə qəbul edildim. Dövlət rəsmiləri universitetin mənə təklif etdiyi təqaüddən imtina etməyimi, dövlət proqramı çərçivəsində təqaüd almağımı tələb etdilər; dövlət təqaüd müraciətimə isə rədd cavabı verildi. Harvard universitetində təhsil almağımın qarşısını almağa ciddi cəhdlər oldu.

2007-ci ildə ölkə başçısı ilə gənclərin görüşü zamanı 2009-cu ildə Beynəlxalq elm olimpiadasının Azərbaycanda keçirilməsini təklif etdim. Bu olimpiadanın beynəlxalq idarə heyətinin üzvü və təşəbbüskarı olsam da, olimpiada ölkədə keçirilərkən Azərbaycana gəlməməyim tələb olundu. Gələcəyim təqdirdə həbs olunacağımla bağlı təhdid edildim.

2010-cu ildə deputatlığa namizəd oldum; faktiki qalib gəldiyim seçkidən dərhal sonra həbs edildim. Bütün bunlar və 2019-cu ilə qədər qarşılaşdığım polis təzyiqləri, həbslər və mərhumiyyətlər birbaşa Ramiz Mehdiyevin əmri ilə həyata keçirilirdi. Hər zaman o və ətrafındaki yaşlı və gənc əlaltıları məni inqilabçı, dövlət çevirilişinə hazırlaşan şəxs kimi tədqim edirdilər. Son həbsim zamanı da cinayət işində müxtəlif formalarda guya mənim dövlət çevirilişinə hazırlaşmağım barədə qeydlər var.

Bu gün isə mənə bu ittihamları illərdir yapışdırmağa çalışan Ramiz Mehdiyevin özü dövlət çevrilişinə hazırlıqda ittiham edilir, mühakimə olunur. Mənə qarşı bu saxta ittihamları səsləndirənlər Mehdiyevin sadiq nökərləri və onların odlu əlaltılarıdılarsa, ona qarşı bu ittiham dövlət başçıları səviyyəsində müzakirə edilib, daha real və əsaslı qəbul edilir.

Görünür, dövlət içindəki xəyanətkar dəstə saxta çevriliş ittihamları ilə vətəndaş cəmiyyəti təmsilçilərini həbs etdirməklə həm Azərbaycanın qərb ölkələriylə münasibətlərini zədələməyə, həm də əsl çevriliş hazırlıqlarına diqqət yayındırmağa çalışıblar. Şadam ki, ittiham olunduğum əməllər arasında Mehdiyevdən fərqli olaraq dövlətə xəyanət cinayəti yoxdur. Heç vaxt nə ölkə daxilində, nə də ölkə hüdudlarından kənar heç bir şəxs, qrup, qüvvə və dövlətlə dövlət maraqlarımıza zərbə sayılacaq heç bir addım atmamışam.

Əksinə, ictimai fəaliyyətimdə, hətta hakimiyyəti tənqidimdə belə, demokratik cəmiyyətlərdə dövlətin inkişafı üçün zəruri olan vətəndaş cəmiyyəti fəaliyyəti sayılır; cinayət yox. Bütün bunlara baxmayaraq, Mehdiyevin hüquq mühafizə orqanlarında, məhkəmə hüquq sistemindəki media və digər sahələrdəki sadiq nökərləri hər vədlə mənim və digər vətəndaş cəmiyyəti təmsilçilərinin, jurnalistlərin, hüquq müdafiəçilərinin həbsdə saxlanmasına çalışırlar. Bununla da ölkəmizin inkişaf etmiş qərb dövlətləri ilə strateji tərəfdaşlığına ciddi zərbə vururlar, cəmiyyət daxilində aqressiya yaradırlar və narazılıq yaradırlar, öz xəyanət planlarını icra etmək üçün min bir zəmin hazırlayırlar.

Gələn həftə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin 5-ci ildönümüdür. Həmin həftə birinci Qarabağ müharibəsi qazisi Tofiq Yaqublunun, ölkəmizdə və xaricdə tanınmış hüquq müdafiəçisi və 44 günlük müharibədə arxa cəhbədə müstəsna xidmətləri olmuş Rüfət Səfərovun, mənim və digər siyasi məhbusların məhkəmələri keçiriləcək. Ümid edirəm ki, hələ də dövlət idarəçiliyində sağlam düşünən, rasional qərarlar verə bilən həqiqi dövlət adamları qalıblar və onlar zəfər bayramı ərəfəsində ölkədə ictimai barışığı təşviq edəcək təşəbbüslər irəli sürəcəklər. Bu təşəbbüslər əsasında qəbul ediləcək qərarlar siyasi sifarişlə həbs olunmuş vətəndaş cəmiyyəti təmsilçilərinə, mətbuat nümayəndələrinə, ruhanilərə və geniş məhkum kütləsinə şamil ediləcək”.

Ana səhifəHəbsxanadan məktublarBəxtiyar Hacıyev: “Bu gün Ramiz Mehdiyev mənə yapışdırmağa çalışdığı ittihamla mühakimə edilir”