“Konvoyun nə ixtiyarı var ki, sənədləri alıb oxusun?”
İctimai fəal Bəxtiyar Hacıyev iki ildən çoxdur ki, həbsdədir.
Onun işi üzrə məhkəmə prosesi isə bir ildir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.
Hakim Əli Məmmədovun sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində qalmaqal yaşanıb.
Bəxtiyar Hacıyev məhkəmədə qaldırmağı planlaşdırdığı vəsatətlərlə bağlı sənədləri vəkili Aqil Layıca vermək istəyəndə Penitensiar Xidmətin əməkdaşları buna imkan verməyib.
Konvoy sənədləri ondan alıb.
Vəkil Aqil Layıc buna etiraz edib və müdafiə hüququnun pozulduğunu hakimlərin nəzərinə çatdırıb.
Vəkil bildirib ki, baş verənlər konfidensiallığın pozulmasıdır:
“Konvoyun nə ixtiyarı var ki, sənədləri alıb oxusun? Bu, birbaşa konfidensiallığın pozulmasıdır. Deməli, birbaşa müdafiə hüququ pozulur”.
Aqil Layıc bununla əlaqədar məhkəmədən sonra Penitensiar Xidmətin rəhbərliyinə də müraciət edib.
O vurğulayıb ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Penitensiar Xidmətin əməkdaşlarının qanunsuz müdaxilələri səbəbindən ötən həftə başqa bir vəkillə də qalmaqal yaşanıb.
Bəxtiyar Hacıyev məhkəməsində xatırladıb ki, məhz onu müdafiə etdiyinə görə dostu Rail Abbasov şərlənərək həbs edilib.
Ona qarşı cinayət işində təxminən 200 min manat civarında ziyandan bəhs olunur.
İctimai fəal bildirib ki, Rail Abbasova qarşı ittiham saxtadır.
Buna baxmayaraq, Bəxtiyar Hacıyev özünün həbsindən sonra üzərinə həbs qoyulmuş əmlakının dostunun işi üzrə ziyanın ödənilməsinə yönəldilməsini istəyir.
Bəxtiyar Hacıyevin həbsindən sonra onun mənzilinin üzərinə həbs qoyulub.
İctimai fəal məhkəmədə həmçinin ona qarşı irəli sürülmüş ittihamlara xitam verilməsi, bu işdə zərərçəkmiş qismində tanınanlardan biri – bloger Ülviyyə Muradova (Alovlu) haqqında cinayət işi başlanması barədə vəsatətlər qaldırıb.
O bildirib ki, Ülviyyə Alovlu yalan ifadə verməyə görə cinayət məsuliyyətinə cəlb edilməlidir.
Vəsatətlərin heç biri təmin edilməyib.
Məhkəmə prosesi dekabrın 28-də davam edəcək.
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub.
O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.
Onunla Ülviyyə Alovlu arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.
İyunun 16-da ictimai fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır.
Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.
Noyabrda isə ona daha bir ittiham verilib.
İctimai fəala qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul eləmir.
İctimai fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, daxili işlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.
Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.