İctimai fəal Bəxtiyar Hacıyev 3 gündür “kars”a (cərimə kamerası) salınıb və aclıq aksiyasına başlayıb.
Bu barədə fəalın qardaşı Vüqar Hacıyev Meydan TV-yə məlumat verib.
Qardaşı deyir ki, Bəxtiyar Hacıyevdən 3 gündür məlumat ala bilmirlər.
“Bəxtiyar Bakı İstintaq Təcridxanasına qayıtdıqdan sonra, 6 saylı Cəzaçəkmə müəssisəsinin rəhbəri Fariz Əliyevdən normal yerlə təmin olunmasını tələb edib. Amma Fariz Əliyev müxtəlif bəhanələrlə yerlə təmin etməkdən imtina edib. Sonradan Hacıyev yerdəyişmə üçün Ədliyyə Naziri Fərid Əhmədov və Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova ərizə yazıb. Ərizəni təqdim etmək istəyəndə Gündüz adlı rəis müavini Bəxtiyarı itələyib, təhqir edib və ərizələri cırıb. Bundan sonra mübahisələr yaranıb və Bəxtiyarı karsa salıblar”, – deyə Vüqar Hacıyev bildirib.
Vüqar Hacıyev bildirib ki, qardaşının səhhətindən narahatdır.
“Sağlamlığı onsuz da pis vəziyyətdə idi. İndi də 3 gündür aclığa başlayıb. Əsəbləri yerində deyil. Səhhətindən çox narahatıq. Penitensiar Xidmətlə, Ədliyyə Nazirliyi ilə və Ombudsmanla ilə bir neçə dəfə əlaqə saxlamışam. Amma bir cavab ala bilmirik”, – deyə o vurğulayıb.
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub.
O, bu il yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib.
Hacıyev xaricdən qaçaqmalçılıq yolu ilə valyuta gətirmə, cinayət yolu ilə əldə edilən vəsaiti leqallaşdırma, vergidən yayınma və s. ittihamlarla təqsirləndirilir.
İctimai fəal ona qarşı irəli sürülən ittihamları qəbul etmir.