Bu gün, avqustun 13-də Bakı Apellyasiya Məhkəməsində Çexiyanın Karlova Universitetinin doktorantı, dövlətə xəyanət ittihamı ilə 15 il azadlıqdan məhrum edilmiş Bəhruz Səmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmdən verdiyi şikayətə baxılıb.
Şikayətə Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.
Məhkəmə prosesi qapalı keçirilib.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, prosesdə məhkəmənin açıq keçirilməsi də daxil olmaqla, ümumilikdə 20-dən çox vəsatət qaldırılıb.
Hakim heç bir vəsatəti təmin etməyib.
Bir gün öncə B.Səmədov nənəsiylə görüşərək durumunun yaxşı olmadığını, bu günkü məhkəmə iclasında iştirak etməyəcəyini desə də, prosesə qatılıb.
Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Bəhruz Səmədov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
O, ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
İyunun 23-də onun haqqında 15 il azadlıqdan məhrum etmə qərarı çıxarılıb.
Yaxınları etiraz olaraq Bəhruz Səmədovun məhkəmədə heç bir çıxış etmədiyini bildirib.
Onun apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi avqustun 20-nə təyin olunub.