Onun şəraitsiz, soyuq yerdə saxlanıldığı və həkim müayinəsindən məhrum qaldığı deyilir
Çexiyanın Karlov Universitetinin doktorantı, dövlətə xəyanətdə ittiham olunan araşdırmaçı Bəhruz Səmədovun aclıq aksiyasını dayandırdığı bildirilir.
Bu barədə fəal özü dostlarına məlumat verib.
Dostlarının “Facebook” sosial şəbəkəsində yazdıqlarına görə, özü onlara bildirib ki, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülərkən 3 gün karantində saxlanılıb və döşəmədə yatıb.
“Bu müddət ərzində şəraitsiz, soyuq yerdə saxlanılan Bəhruz Səmədov, həkim müayinəsindən məhrum qaldığını və məcbur qalaraq aclıq aksiyasını dayandırmalı olduğunu deyib”,- dostları belə yazıb.
Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Bəhruz Səmədova qarşı açılmış cinayət işi ilə bağlı hazırlıq iclası keçirilib.
İclasda hakimlər qərar verib ki, Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasından 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülsün.
Həbsinin ev dustaqlığı ilə əvəz olunması və başqa tələblərlə bağlı vəsatəti təmin olunmayan Bəhruz Səmədov aclıq aksiyasına başlayacağını bildirmişdi.
Bəhruz Səmədov bildirib ki, 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülərkən 3 gün karantində saxlanılıb və döşəmədə yatıb. Bu müddət ərzində şəraitsiz, soyuq yerdə saxlanılan Bəhruz Səmədov, həkim müayinəsindən məhrum qaldığını və məcbur qalaraq aclıq aksiyasını dayandırmalı olduğunu deyib.
Növbəti məhkəmə prosesi martın 7-nə təyin edilib və qapalı keçiriləcəyi elan olunub.
Bəhruz Səmədovun vəkili Zibeydə Sadıqova məhkəmənin açıq keçirilməsi üçün vəsatət verəcəyini deyib.
Bəhruz Səmədov Çexiyanın Karlov Universitetinin doktorantıdır. O, Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
Səmədov 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib. Dekabrın 17-də məhkəmə istintaq orqanının vəsatətini təmin edərək Bəhruz Səmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini 2 ay 15 gün müddətinə uzadıb.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, həbs qərarı verilən məhkəmədə çıxış edərək bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurmaq üçün saxta ittihamla cəzalandırılır.