Bəhruz Səmədovla bağlı İlham Əliyevə müraciət edilib

Bəhruz Səmədov. İllüstrasiya: Meydan TV

Dekabrın 17-də Scholars at Risk təşkilatı SAIH və Amnesty International ilə birlikdə Çexiyanın Karlova Universitetinin doktorantı, elmi tədqiqatçı Bəhruz Səmədovla bağlı Azərbaycan Prezidentinə müraciət edib.

Təşkilat Səmədovun səhhətindən ciddi narahatlıq keçirdiyini bildirib. Onlar Bəhruz Səmədovun saxlanılma şəraitinin ağır olmasından, işgəncə və qeyri-insani rəftar hallarından da bəhs ediblər.

Həbsxanada cənab Səmədov davamlı təzyiqlərə məruz qalır ki, bu da onun iki dəfə intihara cəhd etməsinə səbəb olub. O, bu yaxınlarda 11 saylı Cəzaçəkmə Müəssisəsində təkadamlıq kamerada saxlanılıb. Öyrəndiyimizə görə, cənab Səmədovun psixi sağlamlığına daha çox təzyiq göstərmək məqsədilə hakimiyyət orqanları onun Umbaku həbsxanasının xüsusi rejimli bölməsinə köçürülməsi barədə göstəriş verib”.

“Bu müəssisə işgəncə, qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hesab oluna biləcək ağır saxlanma şəraiti ilə tanınır. Ən əsası isə, bu həbsxana cənab Səmədovun yeganə qohumu olan nənəsindən 100 km məsafədə yerləşir. Nənəsinin səhhətindəki problemlər onun uzaq məsafəyə səfər etməsini çətinləşdirir ki, bu da cənab Səmədovun daha da təcrid olunmasına səbəb olur. Cənab Səmədovun psixi vəziyyətinin kövrəkliyini nəzərə alaraq, onun həyatı üçün ciddi narahatlıq keçiririk”, – deyə məktubda yazılıb.

Məktubda həmçinin qeyd edilib ki, Azərbaycan beynəlxalq hüquq qarşısında öhdəliklərinə riayət etməli və Səmədovu təcili azad etməlidir.

“Elmi fəaliyyətlə bağlı saxlanmalar və təqiblər Azərbaycanda ifadə azadlığı, akademik azadlıq və ali təhsil sahəsinin qorunması ilə bağlı ciddi narahatlıqlar doğurur. Bundan əlavə, Azərbaycan və Ermənistan arasındakı son sülh danışıqları fonunda, cənab Səmədovun münaqişə ilə bağlı tədqiqat apardığı iddiası ilə məhkum edilməsi Azərbaycanın sülhə nail olmaq səyləri ilə ziddiyyət təşkil edir”. 

“Bu səbəbdən, Sizdən Səmədovun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını təmin etməyi xahiş edirik. Əgər tanınan bir cinayətin mövcudluğuna dair hər hansı etibarlı sübut varsa, bu halda iş beynəlxalq səviyyədə tanınmış ədalətli məhkəmə araşdırması, qanuni prosedur və saxlanma standartlarına uyğun şəkildə aparılmalı, Azərbaycanın beynəlxalq hüquq qarşısında öhdəliklərinə riayət edilməlidir. Bu öhdəliklərə ailə üzvləri ilə əlaqə imkanı, habelə saxlanma şəraiti, irəli sürülən ittihamlar və hər hansı iddia edilən cinayətə dair sübutların ictimaiyyətə açıqlanması daxildir”, – məktubda belə deyilir. 

Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.

O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. 

O, iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətBəhruz Səmədovla bağlı İlham Əliyevə müraciət edilib