Dövlətə xəyanət ittihamı ilə 15 il azadlıqdan məhrum edilmiş Çexiyanın Karlova Universitetinin doktorantı, elmi tədqiqatçı Bəhruz Səmədova nənəsi ilə görüşə icazə verilməyib.
Bu barədə Bəhruz Səmədovun yaxını Əmrah Təhməzov öz facebook səhifəsində bildirib.
Oktyabrın 20–də Bəhruz Səmədovun karserə salınması ilə bağlı nənəsi Zibeydə Osmanova Meydan TV-yə açıqlama vermişdi. O, bildirmişdi ki, nəvəsini heç bir səbəb olmadan ay yarımlıq karserə salıblar.
Bu gün oktyabrın 21-də Səmədovla görüşə gedən Zibeydə Osmanovaya 11 saylı cəzacəkmə müəssisəsinin rəis müavini görüşə icazə verməyib.
“Gəlmişik 11 saylı cəzaçəkmə müəssisəsinə. Nənəni görüşə buraxmadılar. Penitensiar Xidmətə, Ombudsmana aparatına zəng edəndən sonra rəis müavini düşdü gəldi qapıya.Bəhruzu salıblar “karsa”, ayın 25-nə qədər, ona görə görüşə icazə yoxdur”, – deyə Əmrah Təhməzov bildirib.
Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
O, iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.
Yaxınları qeyd edib ki, rəis müavini görüş gününü noyabrın 25-nə təyin edib. Onlar uzun mübahisədən sonra gətirdikləri sovqatı içəri keçirə biliblər.
“Dedim, Bəhruz nə edib ki karsa salmısız? Heç bir cavab verilmədi. Deyir 25-i gələrsiz, görüş olacaq. Uzun mübahisədən sonra gətirdiyimiz azuqəni içəri keçirdə bildik”,- deyə o bildirib.