O bildirib ki, Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda suçlansa da, bunu təsdiqləyən heç bir sübut yoxdur
Çexiyanın Karlov Universitetinin doktorantı, dövlətə xəyanətdə ittiham olunan araşdırmaçı Bəhruz Səmədovun Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün məhkəmə prosesi keçirilib.
Aprelin 21-də onun işi üzrə məhkəmə istintaqı başlanıb, prokuror ittiham aktını açıqlayıb. Gənc fəala Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsiylə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
O, özünü təqsirli bilməyib, dövlətə xəyanət ittihamının qondarma olduğunu vurğulayıb, ifadəsində bildirib ki, Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıqda suçlansa da, bunu təsdiqləyən heç bir sübut yoxdur.
Təhsili və işiylə bağlı həbsindən öncə altı ildir Azərbaycanda yaşamadığını və burada heç bir dövlət orqanında çalışmadığını söyləyən Bəhruz Səmədov məhkəmədə ifadə verərkən onu da deyib ki, əlində dövlət sirri sayılan heç bir məxfi informasiya olmadığı halda, onu kiməsə bilgi ötürməkdə suçlamaq absurddur.
“Altı il idi ölkədə yaşamırdım. Heç bir dövlət orqanında işləməmişəm. Heç bir məxfi sənədə çıxışım olmayıb. Məndə olmayan dövlət sirrini necə kiməsə ötürə bilərəm?”.
Daha sonra Bəhruz Səmədov müdafiə tərəfi və dövlət ittihamçısının suallarını cavablandırıb.
Onun işi üzrə məhkəmə prosesi mayın 16-da şahid ifadələriylə davam edəcək.
Bəhruz Səmədov 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurulmaq üçün saxta ittihamla cəzalandırılır.