Bəhruz Səmədov həbsdə aclıq aksiyasına başlayıb

Bəhruz Səmədov. Foto: Meydan TV

O, qanunsuz həbsdə saxlanmasına etiraz olaraq, bu addımı atıb

Çexiyanın Karlov Universitetinin doktorantı, dövlətə xəyanətdə ittiham olunan gənc politoloq Bəhruz Səmədovun məhkəməsi başlayıb. Fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.

Hakim Elnur Nuriyevin sədrliyilə keçirilən məhkəmədə təqsirləndirilən politoloqun vəkili Zibeydə Sadıqova hüquqlarını müdafiə etdiyi şəxsin haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, Bəhruz Səmədova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə irəli sürülmüş ittiham tamamilə əsassızdır. Onu sübut olmadan həbs ediblər:

“Bəhruzun telefonundan onun üç erməni qadınla yazışmasını götürüblər. Bunu sübut kimi işə əlavə ediblər. O söhbətdə dövlətə xəyanət cinayətinin tərkibini yaradan heç nə yoxdur. Bəhruza dövlət əhəmiyyətli məsələ ilə bağlı tapşırıq verilsin, Bəhruz da onu icra eləsin – belə bir hal yoxdur. Eyni anda yazışmadır”.

Vəkil bildirib ki, Bəhruz Səmədovun həbsinin səbəbi onun müharibə əleyhdarı olmasıdır. Bu, onunla bağlı cinayət işində də əks olunub.

Müdafiəçi həmçinin Bəhruz Səmədovun ev dustaqlığına buraxılması, istintaqda dindirilən bəzi şahidlərin ifadələrinin, müəyyən sənədlərin sübutlar siyahısından çıxarılması haqda da vəsatətlər qaldırıb. Zibeydə Sadıqova xatırladıb ki, bəzi şəxslər saxlanılıb, onların yeri barədə uzun müddət xəbər almaq mümkün olmayıb. Hətta onların həbs olunduğu ehtimal edilib. Bu barədə mediada da məlumatlar yayılıb. Sonradan üzə çıxıb ki, həmin şəxslər Bəhruz Səmədovun işi üzrə şahid kimi dindirilmək üçün saxlanılıb.

Zibeydə Sadıqova prokurorluğun işgəncə barədə şikayəti araşdırmamasından da şikayətlənib, bu haqda vəsatət qaldırıb.

Vəsatətlərə münasibət bildirən Bəhruz Səmədov xatırladıb ki, XX əsrin 30-cu illərində Mircəfər Bağırov da ölkədə işıqlı insanlara qarşı repressiyalar həyata keçirirdi:

“Mircəfər Bağırov da alimləri təqib edirdi, onları intihar həddinə çatdırırdı. Amma tarix hər şeyi öz yerinə qoydu. Mircəfər Bağırov bu gün tarixdə necə qaldı? Ən pis ifadələrlə yada salınır. Mən aliməm. 400-dən çox müəllim, ABŞ Elmlər Akademiyası mənim azadlığım üçün müraciət edib. Cinayət törətməyən alimin həbsdə qalması ölkənin milli maraqlarına da ziddir”.

Hakimlər vəsatətləri təmin etməyib. Yalnız işgəncə şikayəti ilə əlaqədar prokurorluğa sorğu göndəriləcək.

Həmçinin qərar verilib ki, Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Bakı İstintaq Təcridxanasına köçürülsün.

Məhkəmənin növbəti iclası martın 7-nə təyin olunub.

O da bildirilib ki, iş üzrə növbəti proseslər qapalı keçiriləcək.

Məhkəmə iclasının sonunda Bəhruz Səmədov elan edib ki, qanunsuz həbsdə saxlanmasına etiraz olaraq, aclıq aksiyasına başlayıb.

2024-cü il avqustun 21-dən həbsdə olan Bəhruz Səmədov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, həbs qərarı verilən məhkəmədə çıxış edərək bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurmaq üçün saxta ittihamla cəzalandırılır.

Bəhruz Səmədov Azərbaycanda müharibə əleyhinə olan gənc fəallardan biridir.

Ana səhifəSiyasətBəhruz Səmədov həbsdə aclıq aksiyasına başlayıb