Dövlətə xəyanət ittihamı ilə 15 il azadlıqdan məhrum edilmiş siyasi fəal Bəhruz Səmədov ictimaiyyətə müraciət edib.
O, nənəsi Zibeydə Osmanova ilə telefon danışığı zamanı məhkəmə proseslərinin ədalətsiz şəraitdə keçdiyini və barəsindəki ittihamların sübuta yetirilmədiyini bildirib:
“Mənim məhkəmələrim çox ədalətsiz keçirildi. Heç kəsi məhkəmə prosesinə buraxmadılar. Günahımı heç bir şəkildə sübut edə bilmədilər. Bütün vicdanlı insanlardan xahiş edirəm ki, mənim günahsız olduğumu, sülh və ədalət istədiyim üçün həbs edildiyimi paylaşsınlar”, – siyasi fəal deyib.
O, həmçinin azadlığını tələb edənlərə və onu dəstəkləyən hər kəsə təşəkkürünü bildirib:
“Mənim azadlığımı tələb edənlərə və haqq-ədalət uğrunda olanlara dərin minnətdarlığımı bildirirəm. Məhkəmələrimə gələnlərə, dostlarıma xüsusi təşəkkür edirəm”.
Sentaybrın 3-də Bakı Apellyasiya Məhkəməsində Bəhruz Səmədovun həbs qərarından verilən şikayəti təmin olunmayıb.
Bəhruz Səmədov Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
O, iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.