Onun dəri ekzeması ağırlaşıb
Fəal Bəhruz Səmədov həbsinə etiraz olaraq başlatdığı aclığı dayandırıb.
Bu barədə feminist fəal Gülnarə Mehdiyeva məlumat verib.
Onun sözlərinə görə Bəhruz Səmədovu daha öncələr də narahat edən dəri ekzeması ağırlaşıb:
“Bəhruzun dəri ekzeması güclənib, üzü qanamağa başlayıb. Sağlamlıq vəziyyətinə və yaşlı nənəsinin israrlarına görə o, aclığı dayandırmalı olub”.
Bəhruz Səmədov iyunun 23-də 15 il müddətinə azadlıqdan məhrum edilib.
Bəhruz Səmədov həbsinə etiraz olaraq iyunun 19-dan ölüm aclığına başlayıb.
Bəhruz Səmədov Çexiyanın Karlov Universitetinin doktorantıdır. O, Azərbaycan-Ermənistan münaqişəsi haqqında apardığı araşdırmalar, eləcə də Azərbaycan hökumətini tənqid edən yazıların müəllifi kimi tanınır.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Səbail Rayon Məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs qətimkan tədbiri seçib.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir. O, dövlətə xəyanət ittihamının qondarma olduğunu vurğulayıb, ifadəsində bildirib ki, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunsa da, bunu təsdiqləyən heç bir sübut yoxdur.
Bəhruz Səmədov bildirib ki, sülhpərvərdir, müharibənin əleyhinədir. Çıxışları, məqalələri də bu barədədir. Buna görə də susdurulmaq üçün saxta ittihamla cəzalandırılır.