Azyaşlıya təcavüzdə ittiham olunan şəxs həbs edilib

Foto: Meydan TV

Tovuz sakininə qarşı cinayət işi açılıb

Sosial şəbəkələrdə Tovuz rayonunda 8 yaşlı oğlanın 36 yaşlı şəxs tərəfindən təcavüzə məruz qalması haqda məlumat yayılıb. İddia olunur ki, uşağa təcavüz edən şəxs rayonda yüksək vəzifələrdə çalışan qohumlarının sayəsində məsuliyyətdən kənarda saxlanılıb, hüquq-mühafizə orqanları isə bu işi obyektiv araşdırmır.

Lakin Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, azyaşlıya təcavüzdə ittiham olunan şəxs iyulun 22-də həbs olunub. Tovuz Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Prokurorluğun məlumatından o da məlum olub ki, zərərçəkmiş uşağın 8 yox, 13 yaşı var. Ona təcavüz etməkdə ittiham edilərək həbs olunan 1986-cı il təvəllüdlü şəxs də onların qonşusudur.

“Azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktıyla bağlı Tovuz Rayon Prokurorluğunda iyulun 20-də Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlərinin edilməsi) maddəsi ilə cinayət işi başlanıb. İstintaq aparılması üçün aidiyyəti üzrə Tovuz Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə göndərilib”, – Baş Prokurorluqdan bildirilib.

Uşağa qarşı təcavüzdə təqsirləndirilən şəxsin bu ittihama münasibəti, onun özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Cinayət Məcəlləsinin 150.3.3 maddəsində 8 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəBölgəAzyaşlıya təcavüzdə ittiham olunan şəxs həbs edilib