Zümrüd Yağmur: “Məhkəmə məqsədli şəkildə yubadılır”
İctimai fəal Sənay Qəhrəmanlıya (Yağmur) qarşı cinsi təcavüz ittihamı üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı azyaşlıya qarşı cinsi təcavüzdə ittiham olunan Əsgər Ağazadəyə 7 il həbs cəzası istəyib.
Məhkəmədə zərərçəkmiş və müdafiə tərəfin vəkilləri çıxış edib. Yalnız təqsirləndirilən Əsgər Ağazadə son sözünü deməyib. Onun bu çıxışından sonra hökm elan olunmalıdır.
Avqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Əsgər Ağazadə son sözə hazırlaşmaq üçün vaxt istəyib. Ona 1 həftə vaxt verilib. Həmin gün avqustun 17-ə təyin edilən məhkəmə iclası da bu gün baş tutmayıb. Təqsirləndirilən şəxsin üç vəkilindən ikisi məhkəməyə gəlməyib. Əsgər Ağazadə isə bildirib ki, məhkəmənin bütün vəkillərinin iştirakıyla keçirilməsini istəyir. Bu səbəbdən məhkəmə prosesi yenidən təxirə salınıb.
Sənay Yağmurun anası və məhkəmədə nümayəndəsi Zümrüd Yağmur iclasın təxirə salınmasına etiraz edib. O, məhkəmənin məqsədli şəkildə yubadıldığını bildirib.
Zərərçəkmiş tərəf məhkəmə prosesinə sədrlik edən hakim Novruz Kərimovu qarşı tərəfin mənafeyindən çıxış etməkdə günahlandırıb.
Hakim isə öz növbəsində son vaxtlar Zümrüd Yağmur və başqa ictimai fəalların keçirdikləri etiraz aksiyalarında adının hallanması, Sənay Yağmurun işi üzrə məhkəmə prosesinə aid karikaturada əks olunmasından narazılığını ifadə edib.
Növbəti məhkəmə iclası avqustun 24-nə təyin edilib.
Sənay Yağmura qarşı təcavüz ittihamıyla cinayət məsuliyyətinə cəlb olunan Əsgər Ağazadə onun xalası oğludur.
O, Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsilə ittiham olunur. O, bu ittihamı qəbul etmir, xalası qızının onlarda qaldığı gecə ona cinsi təcavüz etməsi barədə iddiaların əsassız olduğunu söyləyir. Əsgər Ağazadə məhkəmədə verdiyi ifadəsində qarşı tərəfi ona böhtan atmaqda ittiham edib.
Təqsirləndirilən şəxsin anası Sürəyya Ağayeva da iddia edib ki, iş materiallarında olan ekspert rəyləri oğluna qarşı ittihamın böhtan olduğunu göstərir.
Zərəçəkmişin anası Zümrüd Yağmur təqsirləndirilən şəxsin məhkəmə iclasında həm onun, həm də azyaşlı övladının ünvanına səsləndirdiyi fikirləri qarayaxma adlandırıb. O, Əsgər Ağazadənin məsuliyyətdən yayınmaq üçün yalan danışdığını düşünür.
Zümrüd Yağmur təqsirləndirilən şəxsə istənilən cəzadan da narazı qalıb. O hesab edir ki, prokurorun istədiyi 7 il azadlıqdan məhrumetmə yüngül cəzadır.
Təcavüz hadisəsinin 2020-ci ilin avqustunda baş verdiyi iddia olunur. Bu cinayət işi üzrə istintaq təxminən bir il Yasamal rayon Prokurorluğunda aparılıb. Sənay Yağmur şikayətçi olsa da, Əsgər Ağazadə uzun müddət məsuliyyətə cəlb edilməyib.
Təxminən bir il sonra məsələ ictimailəşib və işi Baş Prokurorluğun rəhbərliyi nəzarətə götürüb. Araşdırmaların davam etdirilməsi isə Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Ardınca Əsgər Ağazadə həbs edilib.