Azyaşlıya şiddət göstərən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.
Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.
Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Araşdırma aparılır.
DİN bildirir ki, məsələ araşdırılır
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə martın 3-də sosial şəbəkə hesabında azyaşlı qızın anası tərəfindən şiddət göstərilməsini əks etdirən video paylaşıb.
Görüntüdə uşağın bir ayağı üstə küncə qoyulduğu aydın olur. Anası tərəfindən çəkilən kadrlarda azyaşlının döyüldüyü, bədənində salamat yerin olmadığı etiraf olunur.
Kəmalə Ağazadənin sözlərinə görə, anası azyaşlını bir gün öncə kəmərlə döyərək həyətə atıb. Telefon zənglərinə isə cavab vermir:
“Ana telefonları açmır, amma yəqin ki, izləmək olar. Azərbaycan Uşaqlar Birliyi olaraq uşağı qəbul etməyə hazırıq. Ana isə məcburi müalicəyə göndərilməli,valideyn hüquqları məhdudlaşdırılmalıdır”
Daxili İşlər Nazirliyi azyaşlıya şiddət göstərən şəxsin kimliyinin məlum olduğunu bildirib. Əlavə olunub ki, məsələ polis tərəfindən araşdırılır.
Martın 4-də Suraxanı Rayon İcra Hakimiyyəti baş verən hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, azyaşlıya işgəncə verilməsi hadisəsi nəzarətə götürülüb:
“Azyaşlı M.R.-ə anası Fatimə Ramazanova tərəfindən fiziki və psixoloji zorakılıq törədilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatın araşdırılması və məsələnin nəzarətə götürülməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən Rayon Polis İdarəsinə və Rayon Prokurorluğuna rəsmi müraciət edilib. Rayon Polis İdarəsi tərəfindən verilmiş şifahi məlumatda F. Ramazanovanın yaşadığı ünvanın müəyyən edildiyi, lakin onun və övladının həmin ünvanda olmadığı qeyd edilib. Hazırda F. Ramazanovanın və övladının tapılması istiqamətində işlər aparılır”.