Onun ittiham olunduğu maddədə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub
Tovuz rayonunun Aşağı Quşçu kənd sakini olan 13 yaşlı qızı evlənmək adıyla Xaçmaza gətirməkdə ittiham edilən 44 yaşlı kişi haqqında həbs qərarı çıxarılıb. Bu barədə Meydan TV-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Məlumatda bildirilir ki, Səfər Kavazova qarşı Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə ittiham irəli sürülüb. Mayın 25-də Xaçmaz Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Bu cinayət işi üzrə araşdırmalar Xaçmaz Rayon Polis Şöbəsində aparılır.
Onun ittiham olunduğu maddədə 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Mayın 20-də polis orqanlarına 13 yaşlı uşağın itkin düşməsi haqda məlumat daxil olub. Araşdırmalardan sonra onun Xaçmaz rayonunda olduğu müəyyənləşib. O, ifadəsində 44 yaşlı Səfər Kavazovla ailə qurmaq məqsədilə könüllü getdiyini bildirib.
Polislər uşağı valideynlərinə təhvil verib.