Yaşar Əliyev:“Mentalitetimizə uyğun olmayan əsərlər dilimizə tərcümə olunmayacaq”
Noyabrın 5-i Beynəlxalq Mətbuat Mərkəzində Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi (AzTM) mətbuat konfransı keçirdi. Tədbirin elanında mərkəzin rəhbəri Afaq Məsudun jurnalistlərlə görüşəcəyi bildirilsə də, yazıçı tədbirə qatılmadı. Jurnalistlərin suallarını mərkəzin aparat rəhbəri Yaşar Əliyev cavablandırdı. Qurum rəhbərinin dediyinə görə, mərkəz tərcüməçilərin peşəkarlığı üçün əcnəbi mütəxəssislərin də iştirakı ilə kurslar yaratmağı düşünür:
“Baxmayaraq ki, əcnəbilər müəyyən qədər yüksək qonorar istəyirlər, ancaq biz bunu da qaydasına qoyacağıq. Hətta biz biz çalışacağıq ki, orada bədii tərcüməçi ixtisasına yiyələnən tərcüməçilər olsun. Onlara master – klassı isə bizim görkəmli tərcüməçilərimiz keçəcək”.
Bu ilin avqust ayından fəaliyyətə başlayan mərkəzin iki saytı -qurumun rəsmi qəzeti -“Aydın Yol” qəzetinin internet səhifəsi və AzTM-nin rəsmi internet səhifəsi bu gündən istifadəyə verildi. Yaşar Əliyev həmçinin, bildirdi ki, təmsil etdiyi qurum filmlərin dublyajına da öz tövsiyyələrini verəcək. Mərkəzin rəsmisinin sözlərinə görə, hazırda bəzi özəl nəşriyyatlar redaktorsuz işləyir. Bu isə Azərbaycan dilini korlamaq deməkdir. Ona görə də, AzTM gələcək üçün özəl nəşriyyatlara nəzarət etməyi də hədəfləyir:
“Biz onlara(özəl nəşriyyatlar nəzərdə tutulur-red.) müəyyən tövsiyyələr verə bilərik. Yəni dövlət tərcümə siyasətini bizə tapşırıb. Tövsiyyələr verə bilərik, amma gələcəkdə ola bilər ki, biz lisenziya alaq. Məncə, onlara nəzarət üçün gələcəkdə mərkəzə lisenziya verilməlidir”.
Mərkəzin təmsilçisi onu da dedi ki, dövlət qurumu olduğu üçün tərcümə mərkəzi milli mentalitetə uyğun olmayan əsərləri tərcümə etməyəcək.