Nazim Bəydəmirli: ”Dövlətin iqtisadi fəaliyyətdə iştirakı heç vaxt müsbət nəticələr verməyib”
“Azərxalça” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 44,565 mln. manat təşkil edib.
“Report” qurumun maliyyə hesabatına istinadən
xəbər
verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
2017-ci ildə “Azərxalça”nın uzunmüddətli aktivləri 13 dəfə artaraq 15,667 mln. manata, cari aktivləri isə 2,1 dəfə artaraq 28,898 mln. manata çatıb.
İl ərzində səhmdar cəmiyyətin cəmi öhdəlikləri 4,1 dəfə artaraq 107 min manat, cəmi kapitalı isə 3 dəfə artaraq 44,458 mln. manat olub.
Xalça satışına 2017-ci ildə başlamış “Azərxalça”nın satışdan gəliri 62 293 manat, satışının maya dəyəri 107 500 manat, satış və paylanma xərcləri 63 903 manat, eləcə də inzibati və əməliyyat xərcləri 969 040 manat (5 dəfə çox), xarici valyuta əməliyyatlarından xalis gəliri 305 manat (78,4% çox), faiz gəliri 452 083 manat (8,2 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 59 509 manat (2,55 dəfə çox) təşkil edib. Son nəticədə şirkət ötən ili 566 253 manat zərərlə başa vurub ki, bu da əvvəlki ilə nisbətən 5 dəfə çoxdur.
“Azərxalça” ASC-nin rəhbəri Vidadi Muradov yayılan hesabatdan xəbərsiz olduğunu dedi:
“Bu barədə indi heç nə deyə bilmərəm, araşdırıb, sonra reaksiya verərik”.
“Hesabatı siz yaymısınızsa, necə xəbəriniz yoxdur” sualına “araşdırıb cavab verərik” deyərək telefonu qapadı.
İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, dövlətin iqtisadi fəaliyyətdə iştirakı heç vaxt müsbət nəticələr verməyib və başqa ölkələrin təcrübəsində də bunu görmək olar. “Azərxalça” ASC kimi müəssisələrin dövlət hesabına istehsalla məşğul olması ölkə iqtisadiyyatına praktik və nəzəri baxımdan zərərdən başıqa bir şey deyil.
Nazim Bəydəmirli xatırladıb ki, bir neçə il əvvəl “Azərxalça” ASC-in Qazax, Ağstafa, Xaçmaz və Tovuzda yerli binalarının tikinti işlərindən şikayət almışdı. Şikayətçilər işləmələrinə rəğmən vəsaitlərin verilməməsi haqda kifayət qədər məlumatlar vardı:
“Araşdırma zamanı həmin tikilən binaların real dəyəri qat-qat artırılıb. Məqsəd heç də xalçaçılığın istehsalının təkmilləşdirilməsi, stimullaşdırılması üçün normal şərait yox, pul silinməsi ilə bağlı layihə idi. Məlumatıma görə layihə real dəyərindən 3-4 dəfə şişirdilmişdi. “Azərxalça” ASC-nin rəhbərliyi ilə “seçilən” podrat şirkətlər işçilərin maaşlarını vermirdilər. Ona görə belə layihələrin tamamilə yanlış olduğunu düşünürəm və baş verənlər bir daha dövlətin iqtisadi fəaliyyətlə məşğul olmaması sübut olunur. Bəli, hökumət bu sahəni stimullaşdırmaq üçün real addımlar atıb, bu işi quran sahibkarlara ünvanlı kredit resursları verə bilərdi”.
“Azərxalça” ASC-nin Tovuzda tikilən binasında çalışanlardan Aqil Nağıyev Nazim Bəydəmirlinin söylədiklərini təsdiqlədi:
“Biz təmir işlərinə baxırdıq. Mənim 4 min 700 manat pulumu hələ də verməyiblər. Vidadi Muradov podratçı “Hamsie” MMC ilə müqavilə imzalamışdı və onlar bizə təmir işlərini sifariş vermişdilər. İşi bitirdik, amma pul verilmədi. “Hamsie” MMC -nin sədri Zəfər Səmədov bizə vəd versə də, ödəmədi. Sonradan dedi ki, təmiri səhv etmisiniz. Halbuki, o həmişə işlərə baxırdı və irad bildirmirdi. İşi bitirəndən sonra uzatdı-uzatdı, amma vermədi”.
Adının çəkilməsini istəməyın başqa bir şikayətçi dedi ki, “Azərxalça” ASC-nin rəhbəri Vidadi Muradovun oğlu Cavid Muradov Mingəçevir şəhərinin polis rəisidir:
“Bu adamdan müxtəlif formada şikayət olunduqda, şikayətçilərə polis təzyiqləri artır”.
Zəfər Səmədovla əlaqə saxlamaq cəhdimiz alınmadı. Yenidən Vidadi Muradova zəng etdik. O, pul vəsaitini “Hamsie” MMC-yə köçürdüyünü və buna görə Zəfər Səmədovla əlaqə saxlamağın lazım olduğunu bildirdi.
“Azərxalça” prezidentin sərəncamı ilə 5 may 2016-cı ilə yaradılıb, nizamnamə kapitalı 15 milyon manatdır. Qurumun dövriyyədə hər birinin nominal dəyəri 1 manat olan 15 milyon ədəd səhmi var. Səhmləri 100 faiz dövlətə məxsusdur.
2017-ci ildə “Azərxalça”nın işçilərinin sayı 701 nəfər və yaxud 9,15 dəfə artaraq 786-ya çatıb.