Natiq Cəfərli: “İstehsal potensialı olmayan ölkənin peyk sevdasına düşməsi rentabelli olmayacaq”
Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC 2018-ci ili 6 milyon 462 min manat zərər ilə başa vurub.
Məlumatı
marja.az
yayıb.
Bildirib ki, “Azərkosmos” ASC 2017-ci ili 16 milyon 97 min manat zərərlə bağlamışdı. Bu mənada “Azərkosmos”un zərəri 2,5 dəfə azalıb.
“Marja” “Azərkosmos” ASC 31 dekabr 2018-ci il tarixinə Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ildə satışdan gəlirlər 37 milyon 86 min manat ikən, 2018-ci ildə 36 milyon 812 min manat təşkil edib. Keçən il isə gəlirlər 45 milyon 379 min manat, cəmi xərcləri 51 milyon 842 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən ASC-nin 6 milyon 462 min manat zərəri yaranıb.
2017-ci illə müqayisədə ötən il maliyyə xərcləri 1,8 dəfə azalaraq 7 milyon 451 min manatdan 13 milyon 807 min manata düşüb. Maliyyə xərclərinin düşməsi zərərin azalmasına təsir göstərib.
Eyni zamanda, ASC-nin borcları 154 milyon 461 min manatdan 117 milyon 578 min manata düşüb, 36 milyon 883 min manat azalıb.
Məlumatı Meydan TV-yə şərh edən ReAL Partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli bildirib ki, kosmik aparat istehsal edə bilməyən dövlət peyk buraxmaq sevdasına düşməz.
“Dünyada peyk istehsal edən bir neçə ölkə var. Onlar da müasir texnologiyaları özləri üçün saxlayırlar, başqa ölkələrin sifarişinə xərcləmirlər. Həmişə daha köhnə texnologiyalarla peyklərini istehsal edib sifarişçiyə çatdırılmasına çalışırlar. Azərbaycanla bağlı belə oldu. Mövcud ziyanın əsas səbəblərindən biri odur. Yəni Azərbaycanın sifariş verdiyi peyklər texniki baxımdan köhnəlmiş olduğundan müasir peyklərlə rəqabət apara bilməzdi. Ona görə də öncədən də məlum idi ki, istehsal potensialı olmayan ölkənin peyk sevdasına düşməsi rentabelli olmayacaq”.
Natiq Cəfərli xatırladıb ki, peyklərin əməliyyat xərci 300 milyon dollara çatıb, amma başqa ziyanlar da var.
“Konkret olaraq, peyklərin istehsal olunmasına, sifarişinə, kosmosa göndərilməsinə, sığortasına ödənilən vəsait kifayət qədər böyükdür, təqribən 500 milyon dollar. Bu vəsaitlər ölkənin real problemlərinə yönəlsəydi, daha effektiv olardı. Məsələn, Azərbaycana bu gün vacib olan məsələlərdən biri mütəxəssis çatışmazlığıdır. Yaxud həmin vəsait ali təhsilin pulsuz olunmasına sərf edilə bilərdi. Ən azından dövlət universitetlərində ali təhsil pulsuz olardı. Nəticədə yerli mütəxəssislər yetişərdi və Azərbaycan da peyk istehsal etmək qabiliyyətinə malik olardı”.