”NK-nin qərarı qüvvədədirsə, Tarif Şurasının müdaxiləsi nonsensdir”
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi barədə” 2016-cı il 13 may tarixli
6 nömrəli
Qərarına
dəyişiklik edib.
Dəyişikliklərə əsasən, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti üzrə 1 kub metr su təchizatına görə (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarif ƏDV ilə birlikdə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 0,50 manat, digər inzibati ərazi vahidləri üçün isə 0,45 manat təsdiq edilib.
Daha öncə bu qiymətlər müvafiq olaraq 35 və 30 qəpik idi, yəni qiymət 1 kubmetr su təchizatına görə 15 qəpik artırılıb.
Tarif Şurasının saytında qərarın noyabrın 28-də yerləşdirildiyi göstərilir. Lakin media dekabrın 9-da bu barədə xəbər tutub. “Sputnik.az” yazır ki, məlumat sayta noyabrın 28-də yerləşdirilməyib.
İqtisadçı Natiq Cəfərli bununla bağlı Meydan TV-yə bildirib ki, Nazirlər Kabinetinin (NK) “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti Tarif Şurasının tənzimlənməsindən çıxarılır və qiyməti qurum özü müəyyən edəcək:
“Hətta bununla bağlı NK-nin qərarının doğru olmadığını söyləyənlər də vardı. Çünki “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti təbii inhisarçı olduğundan, o cümlədən, rəqibi yoxdursa, qiymətləri özləri müəyyənləşdirə bilməz. Bu mənada Tarif Şurasının “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin qiymətləri ilə bağlı qərar qəbul etməsi uyğunsuzdur. Belə anlaşılır ki, NK-nin “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti ilə bağlı qərarı ya ləğv olunmalı idi, ya da bu qərarla Tarif Şurasının qərarı arasında ciddi uyğunsuzluq var”.
İqtisadçı deyir ki, əslində, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə qiyməti özünün müəyyənləşdirməsi üçün icazə verilmişdi. Tarif Şurasının 28 moyabr qərarından belə çıxır ki, icazə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətindən alınıb və qurum tənzimlənən qiymət siyasətinə keçirilir:
“Nəhayət, qiymətlər Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üzərə 35 qəpikdən 50 qəpiyə qədər artırılır”.
Natiq Cəfərli hesab edir ki, NK-nin qərarı qüvvədədirsə, Tarif Şurasının müdaxiləsi nonsensdir. Bir daha deyirəm, NK-nin qərarı ləğv olunmalıydı ki, Tarif Şurası yenidən tənzimləsin. Ya da, Tarif Şurasının 28 noyabr qərarından sonra NK-nin qərarı avtomatik olaraq qüvvədən düşmüş sayılmalı idi: “Amma bununla bağlı heç bir qeyd, yaxud əlavə yoxdur”.
Qiymət artımına gəlincə, iqtisadçı deyir ki, su və kanalizasiya sistemi barədə öncədən məlumat vardı. Amma “Azəristiliktəchizat”la əlaqədar məlumat verilməmişdi: “Çox güman bu, noyabrda istilik sezonunun başlanmasıyla bağlıdır”.