İlham Şaban: ”Səbəb satılan enerjinin pulunu ala bilməmələridir”
2016-cı ilin sonuna “Azərişıq” ASC-nin aktivləri 2 mlrd. 27,923 mln. manata çatıb.
Bu barədə şirkətin açıqladığı maliyyə hesabatında deyilir. ASC-nin aktivləri 2015-ci illə müqayisədə 14,57 faiz və ya 346,097 mln. manat azalıb.
Aktivlərin 618 mln. 616,067 min manatı qısamüddətli, 1 mlrd. 409 mln. 306,653 min manatı isə uzunmüddətlidir. Torpaq, tikili və avadanlıqların payı 1 mlrd. 389 mln. 164,538 min manatdır. Şirkətin 524 mln. 252,213 min manatlıq qısamüddətli debitor borcu var. Hesabat dövrünün sonuna “Azərişıq” şübhəli borcların silinməsi üçün 26 mln. 212,611 min manat məbləğində ehtiyat yaradıb:
“Şirkətin öhdəlikləri ötən il ərzində 33,9 faiz və ya 658 mln. 578,017 min manat azalaraq 658 mln. 578,017 min manata çatıb”.
Hesabat dövründə ASC-nin nizamnamə kapitalı 32,87 faiz və ya 337 mln. 723,586 min manat azalaraq 885 mln. 633,532 min manata enib.
Dövlət şirkəti ötən ili 25 mln. 636 min 439,15 manat məbləğində zərərlə başa vurub. 2015-ci ilin sonuna zərərin məbləği 31 mln. 288 min 554,94 manat olub.
Enerji sahəsi üzrə mütəxəssis İlham Şaban Meydan TV-yə bildirib ki, “Azərişıq” ASC dövlətin büdcəsindən modernizasiya işləri, əhalinin işıq təminatının yaxşılaşdırılması ilə bağlı vəsait alır. Ancaq açıq tender keçirmir. Keçirdiklərinin isə nəticələrini açıqlamır:
“Bu mənada BP-nin fəaliyyətinə baxın; hansısa layihə həyata keçirəndə həmin yerə turlar təşkil edir, film çəkir, yerli və xarici ekspertləri dəvət edir. Saytında hansı müqavilələri imzaladığı barədə məlumatları yayır. Sadalananlar “Azərişıq” ASC-də görünmür”.
İlham Şaban hesab edir ki, şirkətin ili zərərlə başa vurmasının əsas səbəbi isə pul yığa bilməməsidir:
“Ölkədə 21,5 milyard kilovat/saat elektrik enerjisi istehsal olunur. Bunun 2,5 milyardı itkiyə gedir. Nəzərə alın ki, “Azərişıq” ASC satdığı elektrik enerjisini maya dəyərindən ucuz satmır. Deməli, vəsaiti toplaya bilmir. Kateqoriyalar üzrə yığıma baxdıqda mənzərə aydın olur. Böyük şəhər pulu əvvəlcədən ödəyib enerjini alır. Deməli, şübhə kommersiya və dövlət strukturlarının üzərinə düşür”.
İlham Şaban sual edir: “”Azərsu” ASC enerjinin pulunu vaxtında verirmi?”
“Baxın, “Azəriqaz” hər ay SOCAR-ın saytında əhaliyə satdığı qazın həcmini və yığımı açıqlayır. Amma bir əhali qrupuna, yəni dövlət və kommersiya qurumlarının nə qədər qaz satdığı və yığımı göstərilmir. “Azəriqaz”da da itkiyə səbəb satdıqları qazın pulunu ala bilməmələridir. Eyni vəziyyət “Azərişıq” ASC-də və “Azərsu” ASC-də yaşanır”.