”Azərişıq” deputata cavab verdi (VİDEO)


Tanrıverdi Mustafayev: “Ölünün adına heç vaxt borc yazılmır, mənzilə yazılır”

Martın 15-də Milli Məclisin plenar iclasında çıxış edən deputat Yevda Abramov maraqlı çıxışı ilə gündəmə gəlib. Deputat “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən abonentlərə istifadə etdikləri elektrik enerjisindən daha artıq borc yazıldığını və həmçinin ölmüş şəxslərin adına belə, borc yazıldığını iddia edib.

Belə problemlərin millət vəkili seçildiyi Quba rayonunda da müşahidə olunduğunu deyən Y.Abramov bu cür halların vətəndaşlar arasında ciddi narazılığa səbəb olduğunu qeyd edib: “Abonentlərə milyonlarla manat borc paylanılıb. Mənim özümə 787 manat borc yazılıb. Ancaq mən 11 ildir ki, Bakıdayam. 20 il bundan əvvəl ölmüş adamın adına da 900 manat borc yazılıb. Bunu icra başçısına da çatdırmışam, hesabatda da demişəm. Bu, kimin pullarıdır? Ya bu pulları yeyiblər, yeyintidən qalan pullardır, ya da cənab prezidentin humanistliyini, bu pulların amnistiyasını gözləyirlər. Bundan baş aça bilmirəm. “Azərişıq” yaradılıb. Buna nəzarət edilməlidir.

Xalqı ayağa qaldırmaq lazım deyil. Sonra da deyirlər ki, Qubada insanlar küçəyə çıxıb. Bəli, çıxmışdı. 5, 10, 100 adam küçəyə çıxmışdı. Mən özüm də, icra başçısı da orda idi. Heç birimiz gizlənməmişdik. Xalq bu cür məsələlərdən narazıdır. İnsanlar prezidentin şəkli ilə küçələrə çıxıb, narazılıq edirlər”.

Millət vəkilinin bu ittihamları ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev musavat.com-a açıqlama verib. O, deputata istifadə etmədiyi elektrik enerjisinə görə borc yazılması məsələsinə münasibət bildirərkən deyib ki, heç bir abonentə istifadə etmədiyi elektrik enerjisinə görə borc yazıla bilməz: “Narazı abonent kodunu göndərsin, araşdıraq və bu haqda məlumat verək”.


Millət vəkilinin ölən şəxsin adına borc yazılması ittihamına gəlincə isə, T.Mustafayev bildirdi ki, bu cür hal qətiyyən ola bilməz:

“Azərişıq” elektrik enerjisindən istifadəyə görə borcu ölən şəxsin adına yox, mənzilə yazır. Mənzil kimin adınadırsa, borc da onun adına yazılır. İllərdir ki, bu sahədə çalışıram. Yüzlərlə belə abonentlər var. Mənzil kimin adınadırsa, həmin insan dünyasını dəyişib, amma sənədlər hələ də onun adınadır. Evin digər sakinləri, yaxınları sənədləri mütləq şəkildə dəyişdirməlidir. Dəyişdirmədiyi təqdirdə, təbii ki, borc həmin adamın adına göndəriləcək. Ölünün adına heç vaxt borc yazılmır, mənzilə yazılır.

(Yeni Müsavat)

Ana səhifəVideo”Azərişıq” deputata cavab verdi (VİDEO)