“Azəriqaz”ın bölgələrdə abonentləri kütləvi cərimələdiyi deyilir

Mənbə: “Azəriqaz”

Qurum şikayətçilərin dedikləri ilə razılaşmır

Astara sakini qaz sayğacına kənar müdaxilə iddiası ilə cərimə olunmasından narazıdır.

Bu barədə Meydan TV-yə danışan Astara rayon sakini Murad Məmmədov deyir ki, qurum rəsmiləri ona məhkəməyə müraciət etməyi məsləhət görüblər. Şikayətçinin sözlərinə görə, məhkəməyə müraciət etmək istəyir, amma aylarla sürən məhkəmə iclasları və əlavə xərclərə görə tərəddüd edir.

Astarada mart ayında 300-ə yaxın abonentin sayğaca kənar müdaxilə adı ilə cərimələndiyi bildirilir. Eləcə də Ağdaş, Zaqatala, Ucar, Şəki və digər bölgələrdən də abonentlərin kütləvi cərimələnməsi ilə bağlı xəbərlər yayılıb.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, bununla bağlı təşkilata onlarla şikayət daxil olub. Qaradağ rayonu Lökbatan qəsəbəsindən abonent Samir Quliyev, o cümlədən digər rayonlardan Rahim Nasirov, Elməddin Rzayev və daha onlarla şəxs bildirişlərlə birgə müraciət ediblər. Bununla bağlı məhkəmə prosesləri də var və çox zaman abonentlərin xeyrinə qərar verilir.

Məlumatlara görə “xususi qrup” yaradılıb və sayğaclar kütləvi yoxlanılır. Hətta bayramda güclənmiş iş rejimində çalışıblar. Məqsəd guya ki, regionlarda qurumun nəticələrini yüksəltməkdir”,– hüquq müdafiəçisi deyib.

Mirvari Qəhrəmanlı bildirib ki, abonentlər bununla bağlı məhkəməyə müraciət etməlidirlər:

“Aldığım məlumata görə, “qaz itkisi” ilə bağlı göstəricilərin aşağı salınması məqsədilə qurumun Metrologiya və Nəzarət Şöbəsinin tapşırığı ilə regionlara göndərilən qrupların üzərinə müəyyən öhdəliklər qoyulub. Hətta bayram günlərində işə cəlb olunduqlarına görə ikiqat əməkhaqqı və 52 gün ezamiyyət xərci ödəniləcək”.

Qəhrəmanlı söyləyib ki, mülki geyimdə olan şəxslər qaz sayğacına toxuna, yoxlaya, müvafiq sənətləşmə apara bilməzlər.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Meydan TV-yə bildirib ki, qurumun abonentləri cərimələmək səlahiyyəti yoxdur.  Onların əməkdaşları sadəcə olaraq dəymiş zərəri hesablayıb abonentə təqdim edir. Abonent ya razılaşıb ödəyir, ya da razılaşmır, məsələ hətta məhkəməyə qədər gedib çıxa bilir:

“Sayğacların yoxlanması üçün xususi komissiya yaratmağa ehtiyac yoxdur. Qurumun Metrologiya Departamenti var. Avropanın ən aparıcı şirkətlərinin istehsal etdiyi avadanlıqlarla təchiz olunub. İstehsalçı şirkətlər ildə bir dəfə gəlib həmin avadanlıqları yoxlayırlar”.

Eldəniz Vəliyev qeyd edib ki, istəsələr belə həmin avadanlıqlara müdaxilə etmək imkanı yoxdur. Abonentin evindən çıxarılmış, istehsal müddəti tamamlanmış sayğaclar orada yoxlanılır. Abonentlərə də çatdırılır ki, sayğacların təftişində iştirak etsinlər ki, sonradan məsələ mübahisə predmentinə çevrilməsin.

Elanlar da vermişik, bildirmişik ki, kimin sayğacla bağlı şübhəsi varsa, bizə müraciət etsin. Abonentlər istəyirlərsə yoxlama prosesinə özləri mütəxəssislər də cəlb edə bilərlər. Sayğaclarını götürək, plomblanmış qutulara qoyaq, Metrologiya Departamentinə aparaq və özləri də həmin yoxlama prosesində iştirak etsinlər. Elan veriləndən sonra cəmi 10-dan çox abonent qatıldı”, – Eldəniz Vəliyev bildirib.

Mətbuat katibi deyib ki, abonentlərin özləri də əyani olaraq mexaniki sayğacların smart sayğaclardan artıq yazdığının şahidi olmayıblar:

Yəni ki, komissiya yaratmağa ehtiyac yoxdur. Departamentdə yoxlama prosesində istənilən abonent iştirak edə bilər”.

Ana səhifəBölgə“Azəriqaz”ın bölgələrdə abonentləri kütləvi cərimələdiyi deyilir