“Azəriqaz”da da ixtisarlar başlaya bilər

Qubad İbadoğlu: “Belə davam edərsə, işsizlik sosial bəlaya çevrilə bilər”

Source:


Qubad İbadoğlu:





Belə davam edərsə, işsizlik sosial bəlaya çevrilə bilər”


Prezident İlham Əliyevin bir sıra komitə və səhmdar cəmiyyətlərdə dəyişiklikləri ehtiva edən sərəncamları birmənalı qarşılanmayıb. Bəzi iqtisadçılar sərəncamları struktur islahatları hesab etsələr də, razılaşmayanlar var. İqtisadçı Qubad İbadoğlu ilə söhbətimizdə bu istiqamətdə yaranan suallara cavab almağa çalışdıq.



Qubad bəy, prezidentin son sərəncamları müzakirə obyektinə çevrilib. “Azenerji”nin səlahiyyətlərinin “Azərişığ”a verilməsi, Torpaq və Xəritəşəkmə Komitəsinin ləğv olunaraq səlahiyyətlətinin üç komitə arasında bölünməsi, o cümlədən, Bakı Vergilər Departamentinin ləğv olunması, sadaladıqlarım struktur islahatları sayıla bilərmi?

– Bunları struktur islahatlarının tərkib hissəsi hesab etmək olar. Əslində atılan addımlar təqdirəlayiqdir və paralel strukturların aradan qaldırılmasına əsas verən müəyyən məqam var. Amma kompleks yanaşma yoxdur. “Azərişıq”ın yaradılması həqiqətən də “Azenerji”nin apardığı həm satış, həm başqa işlərin bir-birindən ayrılmasına xidmət edir. Məsələ ondadır ki, “Azərişıq”ın yaradılması ilə heç də hədəflərimizə çata bilmirik. Çünki bizim hədəfimiz satış bazarında rəqabətli mühitin yaradılmasıdır. Bu halda satış bazarına bir neçə şirkət daxil olmalıydı ki, rəqabət yaransın. Əgər enerjinin satış bazarında rəqabət mühiti yaradılarsa, yəni özəl şirkətlər bazarda işləmək imkanı qazanarsa, o halda bunun effektini həm istehsalçılar görəcək, həm də idarəetmədə sərf olunan büdcə xərclərinin rasionallaşmasına gətirib çıxaracaq.



Ümumiyyətlə, son sərəncamların verilməsində məqsəd struktur islahatlarıdır, yoxsa başqa məramlar da var?

– Büdcənin idarəetmə xərcləri ildən-ilə şişirdi və son statistik məlumatlara görə, təxminən büdcə xərclərinin 10 faizinə yaxınlaşmışdı. Bu, narahatçılıq doğurmalıydı və büdcə xərclərinin rasionallaşmasına ehtiyac yaranmışdı. Bilirsiniz ki, dövlət büdcəsi gərginlik içindədir və bu gərginlik dünya bazarında neftin qiymətinin aşağı düşməsindən doğur. Azərbaycan hökuməti ötən ilin büdcəsinin icrasından da göstərdi ki, yalnız büdcə gəlirlərinin azalmasıyla büdcə kəsirinin aşağı düşməsinə nail olunmur. Eyni zamanda hökumət çalışır ki, büdcə gəlirlərinin azalmasıyla yanaşı, büdcə xərclərini azaltsın. Hesab edirəm ki, bu, büdcənin cari xərclərinin azalmasına gətirib çıxaracaq. Cari xərclər isə dövlət büdcəsinin cəmi xərclərinin yarısından bir az çoxdur. Təxminən 52 faizə yaxındır. Belə davam edərsə, rəqəm 50 faizdən aşağı düşə bilər.



Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, “Azərişıq”ın yaradılması beynəlxalq maliyyə institutlarından yeni kreditlər alınması ilə bağlı hazırlıqdır. Bu fikri bölüşürsünüzmü?

– Ümumiyyətlə, “Azərenerji” ən çox kredit “yeyən” təşkilatlardan biridir. Yəni dövlət xətti ilə verilən kreditlərin böyük bir hissəsi “Azərenerji”yə yönəlir. Bu baxımdan həmin sahədə islahatların aparılması üçün kredit vəsaitlərin alınmasına müraciət oluna bilər. Belə olanda krediti alma şansı arta bilər.



Ümumiyyətlə, daha hansı nazirliklərdə, komitələrdə struktur islahatlarının aparılmasına ehtiyac var?

– Prinsipial orqanların idarə olunmasında rasional struktur seçmək mümkündür. Söhbət gömrük və maliyyədən gedir. Azərbaycanda enerji sektorunun iqtisadiyyatda rolunun azalması energetika sahəsində də müəyyən islahatların aparılmasını zəruri edir. Nəzərə alsaq ki, Enerji və Sənaye Nazirliyi yarandı, enerji sektoru da sənayenin bir bölməsi sayılır, o baxımdan orda müəyyən mənada islahatlar aparılması imkanları çoxdur. Yanaşmalar müxtəlifdir, amma istənilən halda Azərbaycanda nazirliklərin sayının çox olması və Prezident Administrasiyasının saxlanması xərclərinin də ildən-ilə artması bu sahədə müəyyən qərarları vermək üçün potensialın yüksək olduğunu deməyə əsas verir.



Əgər komitələr, departamentlər ləğv olunursa, işsizlər ordusunun yaranacağını söyləmək olarmı?

– Təbii, işsizliyinin səviyyəsi artacaq. Ümumiyyətlə, işsizliyin yaranmasında reformalar həmişə stimul rolu oynayır. Çünki reformalar da rasionallıq deməkdir. Əgər biz reformaları davamlı aparsaq. Amma izafi işləyənlər də çoxdur, xüsusilə də dövlət şirkətlərində. Konkret olaraq, “Azərenerji”də birmənalı olaraq işsizlərin ixtisarı prosesi başa çatıb və sonuncu sərəncamdan sonra növbəti mərhələdə işsizlərin yaranması prosesi gedəcək. Artıq “Azərenerji”, Vergi Departamentinin ayrılması və yeni departamentin formalaşması yeni işsizlərin yaranması ilə nəticələnəcək. Bu isə mövcud işsizlərin sayına təsiri gücləndirəcək. Yaxın dövrdə yəqin ki, ARDNŞ-in tərkibində olan strukturlarda – “Azərqaz”da iş yerlərinin ixtisarı prosesi müşahidə olunacaq. Belə davam edərsə, işsizlik sosial bəlaya çevrilə bilər. 2015-ci ilin gərgin il olduğunu nəzərə alsaq, yalnız dövlətdə deyil, qeyri-dövlət sektorunda iş yerlərinin ixtisarı ilə rastlaşacağıq. Çünki indiki halda ödənişlərin artması, gəlirlərin azalması və alıcılıq qabiliyyətinin aşağı düşməsi son nəticədə dövlət və özəl biznes səviyyəsində iş yerlərinin ixtisarını şərtləndirən əsas amillərdən hesab oluna bilər.



Bilirsiniz ki, nazirliklərdə, komitələrdə maaşdan əlavə “paket maaşı” da vardı. Son informasiyalara görə, “paket maaş” yığışdırılıb, bu barədə nə deyə bilərsiniz?

– Məndə olan məlumatlara görə, “paket”lərin yığışdırılmasına bir çox dövlət orqanlarında hələ start verilməyib. Ola bilər ki, bu barədə müzakirələr gedir və bu müzakirələr indiki halda müvafiqdir. Həm də əvvəlki əməkhaqlarını tarazlaşdırmaq və qeyri-rəsmi ödənişləri saxlamaq üçün maliyyə imkanları var. Bu baxımdan proses başlayacaq. O təşkilatlarda bu proses müzakirə olunacaq ki, artıq əlavə maliyyə imkanları məhdud olacaq. Qeyri-rəsmi ödənişlərin mənbəyini korrupsiya və rüşvət təşkil edir. Əgər korrupsiya və rüşvətlə yığılan vəsaitlərin təyinatı dəyişdirilərsə, yəni əməkhaqqına, ya da ödənişdən başqa bir məqsəd üçün yönəldilərsə, o halda “paket”lərin yığışdırılması labüddür.

Ana səhifəXəbərlər“Azəriqaz”da da ixtisarlar başlaya bilər