””Azəriqaz” vətəndaşlara qeyri-qanuni cərimələr yazır”

Mirvari Qəhrəmanlı: “Sayğaclara görə abonentlərin cərimələnməsi rayonda gözlənilən 50000 kubmetr qaz itkisi ilə əlaqədardır”

Source:
Azəriqaz
Azəriqaz


Mirvari Qəhrəmanlı: “Sayğaclara görə abonentlərin cərimələnməsi rayonda gözlənilən 50000 kubmetr qaz itkisi ilə əlaqədardır”

Mingəçevir şəhər Təbriz küçəsi 42-də 4 binanın sakinlərinə məxsus mağarda qaz sayğacı xarab olub. Məlum olub ki, sayğacın içinə qarışqalar girib. Tərtər Regional Qaz İstismar İdarəsinin aktında da göstərilir ki, sayğacın dövlət yoxlanması zamanı içərisinə qarışqalar dolduğu, buna görə xarab olduğu

təsdiqlənib

.

1 ildir sakinlərlə qaz idarəsinin mübahisəsi bitmir. Sakinlərin sözlərinə görə, sayğacın xarab olmasına qarışqalar səbəb olsa da, regional qaz istismar idarəsinin Mingəçevir xidmət sahəsi itirilmiş qazlara görə onlardan ödəniş tələb edir. Artıq mağara qaz verilişi dayandırılıb.

“Azəriqaz”-dan şikayətlər var

Son illər “Azəriqaz” İstehsalat Birliyinin sayğaca kənar müdaxilə adı ilə cərimələr tətbiq edilməsilə bağlı şikayətlər artıb. Məsələn, Nizami rayonu Keşlə qəsəbəsinin sakinləri iddia edirlər ki, yol təmiri zamanı qaz xətti zədələnib. Nəticədə 10-a yaxın sakinin sayğacı dəyişdirilib. Ötən həftə həmin sakinlərin hər birinə 200-350 manat arası cərimələr gəlib.

“Qaz xətti zədələndiyindən sayğacı dəyişdiriblər. İndi isə bizə deyirlər ki, cərimənin əsassız olduğunu sübut etmək üçün məhkəməyə müraciət edək”, – sakinlərdən Nuriyyə Hüseynova deyir.

Daha bir şikayət Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsindəndir. Küçədə bir neçə abonentin qazı kəsilib. Onlara bildiriblər ki, sayğaca müdaxilə olduğu üçün cərimə ödəməlidirlər.

38566
Mirvari Gahramanli

Bakıda 100-dən çox məktəbdə qaz sayğacları çıxarılıb

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı deyir ki, “Azəriqaz”dan şikayətlər kütləvi hal alıb. Özü də təkcə sayğaclara görə cərimə tətbiqi ilə bağlı deyil: “Az qala hər gün respublikanın müxtəlif bölgəsindən şikayətlər gəlir. Masallı rayonunun Qəriblər kəndində abonentlərin qaz sayğacı yararsız hala salınıb, əvəzində sakinləri cərimələyiblər. Abonentlər qaz idarəsinin əməkdaşlarının səslərini yazıb idarə rəisinə göndəriblər. Təşkilatımıza edilən müraciətdə deyilir ki, Bakıda 100-dən çox məktəbdə qaz sayğacları çıxarılıb. Guya ki, sayğacların batareyası işləmir. Qaz üçün ödəniş normativlə hesablanır, bu isə itirilmiş qazın yerinin doldurulmasına xidmət edir”.

Təşkilat Azəriqaz İB-nin əhalinin qazla təminatında olan problemləri araşdırıb. Araşdırmada göstərilir ki, qaz itkisi var və bu itki cərimə kimi əhalinin hesabına ödənilir.

Rəsmi rəqəmlər deyir ki…

Mavi yanacaqla bağlı problem niyə yaşanır? Ölkədə qaz qıtlığımı var? Rəsmi rəqəmlərə görə, Azərbaycanda bugünə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 milyard ton, qaz ehtiyatı isə 2 trilyon 550 milyard kubmetr həcmindədir. Proqnozlaşdırılan neft ehtiyatı 2 milyard ton, qaz ehtiyatı isə 3 trilyon 450 milyard

kubmetrdir

.

Ötən il, noyabrın 21-də SOCAR və Rusiyanın “Qazprom” şirkəti Azərbaycana təbii qazın tədarükünün bərpa edilməsi ilə bağlı razılığa gəlib. Müqaviləyə əsasən, SOCAR 1,6 mlrd. kubmetr həcmində Rusiya qazı alacaq. Ötən il Rusiyadan Azərbaycana 349 mln. kubmetr qaz tədarük edilib. Energetika Nazirliyinin məlumatına görə, 2018-ci ilin 9 ayında Azərbaycan Rusiyadan 800 mln. kubmetr təbii qaz idxal edib.

“Caspian Barrel”-in

proqnozlarına

görə, “Şah-dəniz” yatağından ilk 100 milyard kub metrlik qaz 2019-cu il yanvarın II yarısında hasil edilməlidir.

“Şahdəniz Mərhələ 2” çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək. Həmçinin Azərbaycan Gürcüstanı qazla təmin edəcək. Məlumata görə, Gürcüstanın təbii qaza olan ehtiyacın 99,65 faizini Azərbaycan təmin edəcək.

Qonşu ölkə təbii qaz həcminin 1,866 milyard kub metrini “SOCAR” şirkətindən, 813 milyon kub metrini isə”Şahdəniz” yatağından əldə edəcək. Yerdə qalan 0,35 faizi isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək. Azərbaycanda əhalinin qazla təminatına gəldikdə isə, istehsalat birliyi ölkənin bütün regionlarını əhatə edən 2 milyondan çox istehlakçını təbii qazla təmin edir. “Azəriqaz”ın istehsalçını nominal təzyiqdən aşağı olmamaqla keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmə öhdəliyi var.

NHMT-nin hesabatına əsasən…

“2 ildən artıqdır ki, Azərbaycanda əhalinin qazla təminatında çox ciddi problemlər müşahidə olunur. Birlik tərəfindən “Qaz təchizatı haqqında” qanunu, Nazirlər Kabinetinin 80 saylı qərarının bir neçə maddəsi pozulur. Bundan əlavə, 16 dekabr 2017-ci ildə SOCAR vitse-prezidenti Rəhman Qurbanovun təsdiq etdiyi “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair; Metodiki tövsiyələrə əsasən “Azəriqaz” tərəfindən hazırlanmış qaydaların 4-cü bəndindəki qeyri-qanuni düzəliş ( SOCAR-ın tövsiyələrinin 1.4.1 bəndində abonentə cərimə tədbiq olunarkən dəymiş ziyanın 90 gün ərzində sərf olunan qaz həcmi miqdarında nəzərdə tutulur. Ə.Hacıyev tərəfindən hazırlanan qaydalarda, bu, 180 günlə əvəz olunub) nəticəsində abonentlərə tədbiq olunan cərimə ikiqat artırılıb”,-NHMT-nın araşdırma sənədində qeyd olunub.

2017-ci ildə təbii qazın istehsalı ilə bağlı rəsmi statistikada göstərilir:

Statistika komitəsi (mln.kub.m)

Təbii qaz cəmi Səmt qazı Təbii qaz

İstehsal 28596 13905 14691

əmtəəlik 18186 4112 14074

Qeyd: SOCAR göstəriciləri : SOCAR üzrə 6089, Azərbaycan üzrə 28597,9, fərq -1,9 milyon.kub.m

2010-2017-cı illər üzrə ölkədə mövcud olan qaz itkisi (mln.kub.m):

İtkilər (milyonkub m)

2010 2011 2012 2013 2014 2015 2016 2017

1 117,0 892,5 890,0 891,0 942,0 1087,0 804,8 769,0

Təşkilatın araşdırmasında deyilir:

““Azəriqaz” qaz itkisini qaz təchizatı sisteminin böyük hissəsinin 1960-1980-ci illərdə, keçmiş Sovetlər İttifaqın standartları əsasında qurulmuş şəbəkədə, qaz təchizatı rejimlərinin tənzimlənməsində böyük texniki problemlərdə və qaz istifadəçilərində görür. “Azəriqaz” bu itkiləri əhalinin hesabına bağlayır. Tarif (qiymət) Şurasının qərarından sui-istifadə edilir. Belə ki, təbii qazın ölkədaxili tənzimlənməsi barədə Tarif (qiymət) Şurasının 22 dekabr 2016-cı il, 19 nömrəli qərarına əsasən, illik qaz sərfi üzrə limit 1700 kubmetr təsdiq olunub. Bu limit daxilində abonent bir kubmetr qaz sərfi üçün 10 qəpik, limitdən artıq sərf olunan hər kubmetr qaz sərfi üçün isə 20 qəpik ödəniş etməlidir. Hər ilin sonunda (25 dekabr-28 dekabr) abonentlərin sayğaclarının (smart tipli sayğaclara aid deyil) üzərindəki göstəricilər qanuna uyğun qaydada oxunub, bütün abonentlərə bildirişlər paylanilmalı, sıfırlama olunmalı, yeni ildən istehlakçı illik limit üzrə (1700 kubm) qazdan istifadə etməlidir. Lakin 2017-ci ilin yekunu üzrə abonentlərin sayğac göstəricilərində, dekabrın qaz sərfi yanvar ayının əvvəllərində qeyd edilmişdir. Bu faktlar abonentlər tərəfindən sosial şəbəkələrdə də öz əksini tapmışdı. Ölkədə 2 970 000 qaz abonenti var, bunun 95 faizi əhalidir. 1 milyona yaxın abonent isə mexaniki sayğacdan istifadə edir. Aldadılan abonentlər məhz mexaniki sayğacdan istifadə edənlərdir. Elektron sayğaclarda ödəniş kartla olduğundan bu saxtakarlıq siyasətləri həmin sayğaclarda tədbiq olunmadı”.

Təşkilatın araşdırmaçıları düşünür ki, belə bir üsuldan yenə istifadə olunma ehtimalı var:

“Qış aylarında qrafik üzrə hər gün bir rayonda qaz təchizatı saxlanılıb yenidən qaz istifadəyə verilərkən, boruya vurulan hava nəticəsində 15-20 dəqiqə ərzində sayğac sürətlə fırlanır və abonent həmin sərfi də ödəməli olur. Qazla təminatın saxlanılmasını isə “Azəriqaz” tərəfindən eyni cavab verilir: “325 mm qaz xəttində təmir gedir”. Amma ünvan və digər suallar cavabsız qalır. Abonentlə bağlanmış müqavilə şərtlərini pozaraq xəbərdarlıqsız qazla təminat saxlanılır. İstehlakçıya əsassız, qeyri-qanuni cərimələr tədbiq olunur. Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 80 saylı qərarı yerinə yetirilmir”.

Mirvari Qəhrəmanlı da deyir ki, sayğaclar quraşdırılarkən üzərində olan plombların yalnız biri müvafiq örtüklə örtülür. İkinci plomb (yivli birləşməyə vurulmuş plomb) isə açıqda qalıb. Açıq qalan plombun “qırılması” adı altında əhaliyə qeyri-qanunu cərimələr olunur. Sayğacların üzərində qoruyucu örtüklər quraşdırılmır. Məsələn, Lənkəran Regional Qaz İstismarı İdarəsinin (RQİİ) 7-ci Xidmət sahəsində plombu korroziyaya uğramış və korroziya nəticəsində qırılmış 3700 abonentə cərimə tətbiq olunub. Lənkəran regionuna Masallı, Lerik, Astara, Cəlilabad, Biləsuvar, Yardımlı rayonları və Lənkəran şəhəri daxildir.

“Salyan RQİİ-də isə 40-dan yuxarı abonentə cərimə tədbiq olunaraq qaz təchizatı saxlanılıb. Cərimə tədbiq olunan abonentlərə müdaxilə ilə əlaqədar dövlət rəyi verilməyib. Yəni cəriməni nəyə görə tədbiq olunduğunu abonent bilmir. Cərimənin miqdarı 500 manatdır. Bu xidmət sahəsində qaz itkisi apreldə 36 faiz, mayda isə 31faiz olub.

Ekspert araşdırmaları zamanı, eləcə də müxtəlif mənbələrdən daxil olan məlumatlarda qeyd olunur ki, 2018-ci ilin mart-aprel ayında plastik plombların (sayğacın yivli birləşməsinə vurulmuş plomb) qırılması ilə bağlı 8 Regional Qaz İstismar İdarəsində hər abonentə 4000 kubmetr qaz həcmində, 800 manat dəyərində olmaqla 12500 abonentə cərimə yazılıb. Həmin abonentlər son 4 ayda plombları təzələnmiş abonentlərdir”, – Mirvari Qəhrəmanlı deyir.

Təbii şəraitə görə sınmış sayğaclar üçün də cərimələr edilir

Təşkilat sədri vurğulayır ki, təbii şəraitə görə sınmış, çatlamış sayğaclar üçün də abonentə cərimə tədbiq olunur. Məsələn, Lənkaran rayonu Şağlaser kəndində əvvəl abonentə 1503 manat cərimə yazılıb, abonentin təkidindən sonra sayğacı yoxlamaya göndərilib.

Lənkəran Rayon Qaz İstismar İdarəsi rayonun Şağlaser kəndində 46 abonenti sayğaca müdaxilə halı aşkarlandığına görə məhkəməyə verib. Abonentlər iddia edirlər ki, onlar sayağaclara heç bir müdaxilə etməyiblər, sayağaclar yaşayış evlərimizdən ən azı 50-100 metr kənarda, hasarların üzərində qurlaşdırılıb. Sayğacların təhlükəsizliyini qoruyan xüsusi qoruyucu avadanlıq yoxdur. Məhkəmə prosesi davam edir.

Kənddə cərimələnənlərdən biri də 70 yaşlı Şahnaz Qurbanovadır. Övladları Rusiya və Bakıda olması səbəbindən Şahnaz Qurbanova evində tək yaşayır. İdarənin əməkdaşları onun evinin sayğacında da müdaxilə aşkarlayıblar. O isə məhkəmədən gələn çağırışdan sonra hadisədən xəbər tutduğunu deyir.

Zərdab rayon Məlikli kəndinin sakini Fərman Umudova da 2017-ci ilin 4 dekabrında evindən 100-150 m kənarda olan sayğaca yük avtomobili zərər vurduğu üçün 1944 manat cərimə tədbiq olunub. Bu barədə dərhal “Azəriqaz”ın Tərtər RQİİ-nin Zərdab şöbəsinə məlumat verib. İdarənin işçiləri sayğaca baxış keçirib və akt tərtib edilib. Üstündən 1 ilə yaxın vaxt keçəndən sonra ona Tərtər RQİİ tərəfindən əsassız cərimə yazılıb. Sayğacın yük maşını tərəfindən vurulması barədə Zərdab DYP-nin də arayışı var və həmin arayış aktla birlikdə “Azəriqaz”a göndərilib.

Lerik rayon xidmət sahəsində hər bir sayğaca 1200 manat olmaqla 8 sınıq sayğaca cərimə yazılıb. “Sayğaclara görə abonentlərin cərimələnməsi isə rayonda bu ay gözlənilən 50000 kubmetr qaz itkisi ilə əlaqədardır”, – Mirvari Qəhrəmanlı belə deyir.

NHMT-nin araşdırmalarına görə, sayğaclar dəyişdirilərkən əhalinin “borcu” olduğu haqda əsassız cərimələr tədbiq olunur:

““Azəriqaz” işçiləri tərəfindən qeyri-qanuni cərimə tətbiqinə qarşı Ağstafa, Qazax, Tovuz, Sabirabad, Ucar, Biləsuvar, Salyan, Şəmkir, Bakı və digər bölgələrdən 50-yə qədər məhkəmə prosesləri olub. Bütün iddia ərizələri təmin olunub. Hazırda Xətai Rayon Məhkəməsində 4 iddia ərizəsinə baxılacaq, 6 iddia ərizəsi isə hazırlanır. Məhkəmə prosesləri cərimə tədbiqinin qeyri- qanuni olduğunu sübut etdi”, – araşdırmada deyilir.

“Araşdırma və şikayətlər göstərir ki, “Azəriqaz” İB qaz itkisini əhalinin hesabına silməyə cəhd edir”, – Qəhrəmanlı söyləyib.

“Azəriqaz”dan isə Meydan TV-yə deyiblər ki, cərimənin əsassız olduğunu hesab edən abonentlər məhkəməyə müraciət edə bilərlər:

“Biz hansısa təşkilatın cəfəngiyyat açıqlamalarına münasibət bildirmək istəmirik”, – qurumun mətbuat xidmətindən deyiblər.

Ana səhifəXəbərlər””Azəriqaz” vətəndaşlara qeyri-qanuni cərimələr yazır”