””Azərenerji” ASC məhsulun satışından 3 dəfəyə yaxın gəlir əldə edirsə, ötən ili 109 milyon zərərlə başa vurması sual doğurur”
2016-cı ildə “Azərenerji” ASC-nin aktivləri 4 mlrd. 297,857 mln. manat olub. Bu, 2015-ci illə müqayisədə 0,89 faiz və 38,266 mln. manat çoxdur.
Bu barədə dövlət şirkətinin konsolidə edilmiş maliyyə hesabatında deyilir. Audit “Deloitte” tərəfindən aparılıb.
Məlumatı APA yayıb.
Bildirilir ki, aktivlərin 3 mlrd. 710,457 mln. manatı uzunmüddətli, 587,400 mln. manatı isə qısamüddətlidir:
“Uzunmüddətli aktivlərin strukturunda 3 mlrd. 355,081 mln. manatı (-1,04 faiz) əmlak, tikili və avadanlıq, 8,734 mln. manatı (-87,09 faiz) əmlak, tikili və avadanlığın alınması üçün verilmiş avanslar, 335,486 mln. manatı (+6,23 faiz) təxirə salınmış vergi aktivləri, 11,156 mln. manatı (+26,88 dəfə) təxirə salınmış vergi aktivlərinin payına düşür”.
Qısamüddətli aktivlərin strukturuna nəzər saldıqda isə məlum olur ki, burada mal-material ehtiyatlarının payı 54,323 mln. manat (+5,02 faiz), əvəzləşdirilən ƏDV-nin payı 325,027 mln. manat (+0,6 faiz), ssudalar və debitor borcların payı 120,683 mln. manat (+51,75 faiz), ödənilmiş avanslar və qabaqcadan ödənilmiş xərclərin payı 7,617 mln. manat (-71,74 faiz), nağd pul və pul vəsaitlərinin ekvivalentlərinin payı 79,750 mln. manatdır (+20,32 dəfə) – deyə hesabatda bildirilir.
Sənədə görə, dövlət şirkətinin öhdəlikləri 18,4 faiz və ya 644,026 mln. manat azalaraq 2 mlrd. 856,331 mln. manata çatıb. Bunun da 833,055 mln. manatı qısamüddətli, 2 mlrd. 023,276 mln. manatı isə uzunmüddətlidir.
“Azərenerji” ASC-nin tssudalar və borc vəsaitləri üzrə borcları 1 mlrd. 800,543 mln. manatdır. 2015-ci ilin sonuna isə bu göstərici 1 mlrd. 659,513 mln. manat olub. Bununla yanaşı, şirkətin dövlət subsidiyaları üzrə öhdəlikləri 114,515 mln. manat (2015-ci ilin sonuna 234,677 mln. manat) təşkil edib. “Azərenerji”nin ticarət və digər kreditor borcları 79 min manat və ya 4,52 faiz artaraq 1 mln. 825 min manat olub.
Ötən il ərzində dövlət şirkətinin enerji satışı, elektrik şəbəkəsinə qoşulma xidməti və digər satış gəlirləri 76 mln. 399 min manat və ya 10,41 faiz artaraq 810 mln. 161 manata yüksəlib.
Şirkət ötən il nizamnamə kapitalını dəyişdirməyərək 1 mlrd. 760,495 mln. manat səviyyəsində saxlayıb, cəmi kapital isə 89,87 faiz və ya 682,292 mln. manat artaraq 1 mlrd. 441,526 mln. manat təşkil edib.
2016-cı ildə 2 mln. 789 min manat mənfəət vergisi ödəyən ASC hesabat dövrünü 108,928 mln. manatlıq zərərlə başa vurub.
İqtisadçı Qadir İbrahimli bu həcmdə borcun yaranmasının şərh etməyin elə çətin olmadığını bildirib:
“Hər şey aydındır, oğurluq olub”.
Onun sözlərinə görə, elektrik enerjisinin maya dəyəri 2 qəpik, topdan satış qiyməti 5,7 qəpikdirsə, bu, o deməkdir ki, “Azərenerji” ASC bu məhsulun satışından 3 dəfəyə yaxın gəlir əldə edir. Belə halda “Azərenerji” ASC-nin ötən ili 109 milyon zərərlə başa vurması sual doğurur:
“2016-cı il elektrik enerjisinin qiyməti 1 qəpik artırıldı, 7 qəpik oldu, sonra differensiallaşdırıldı. Bu mənada 109 milyon manatlıq zərər “Azərenerji” ASC-də korrupsiya ocaqlarının olduğunu göstərir”.
Qadir İbrahimli hesab edir ki, hökumət kommunal sektorda vəziyyəti normallaşdırmaq istəyirsə, qiymət artırma vətəndaşın cibinə girməkdən başqa bir şey deyil. Yaxşı olar ki, normal qiymətləndirmə aparılsın, əks təqdirdə, elektrik enerjisinin qiyməti 1 manat da olsa, problemlər həllini tapmayacaq.