Azərbaycanlıları Gürcüstan xəstəxanalarına daşıyan taksi sürücüləri

Source:

“Keçən il 5 milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçib. Bu da bildiyimə görə, dünya praktikasında yeganə bir hadisədir ki, biz bunu edirik”.

Azərbaycan prezidenti İlham Əliyev “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunan konfransındakı çıxışında deyib.

Çıxışdan 2 həftə sonra, yəni fevralın 12-də, 120-dən çox Azərbaycan vətəndaşı Gürcüstan-Azərbaycan sərhəddini keçərək Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Todua” Tibb Mərkəzinə müalicə üçün müraciət edib.

“Todua” Tibb Mərkəzi Gürcüstanda azərbaycanlıların müalicə üçün getdikləri yeganə yer deyil. Keçən ilin dekabrında səhiyyə ilə bağlı keçirilən tədbirlərin birində Gürcüstanın “New Hospitals” klinikasının direktoru Nika Okriaşvili çıxışı zamanı Azərbaycan səhiyyəsi ilə bağlı belə fikirlər səsləndirib:

“Azərbaycanın Gəncə adlı bir şəhəri var. Şəhərdə yerləşən avtovağzalda taksilər dayanır, hansı ki, həmin taksi sürücüləri mənim əməkdaşlarımdır. Onlar hər il mənə 8 min xəstə gətirirlər. Taksi sürücüləri artıq o qədər xəstə gətiriblər ki, peşəkar olublar, tibbi terminologiya ilə danışa bilirlər. Azərbaycanlıların pulu çoxdur, böyük xəstəxanalar tikiblər, amma hamısı müalicəyə Tbilisi şəhərinə gəlir”.

“Bu gün isə artıq bütün bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün müasir avadanlıq, müasir xəstəxanalar var və şadam ki, vətəndaşlar bu imkanlardan istifadə edirlər”. İlham Əliyev

“Todua” klinikasının taksi sürücüsü Fikrət Musayevin əsas vəzifəsi azərbaycanlı xəstələri Qırmızı Körpüdən (Azərbaycan-Gürcüstan sərhədi) klinikaya gətirmək və hər şeyi onlara gürcü dilindən Azərbaycan dilinə tərcümə etməkdir.

Musayevin sözlərinə görə, o, Azərbaycanda yetəri qədər tanınmış biridir. Əgər kimsə Gürcüstana müalicə üçün gəlmək istəyirsə, ona zəng edir və daha sonra Musayev onları sərhəddən klinikaya gətirir.

“Xəstələr mənə onları yalnız sərhəddən klinikaya gətirmək üçün pul ödəyirlər. Tərcümə və digər işlər üçün heç bir vəsait almıram. Klinika gördüyüm işə görə mənə pul ödəyir”.

“Bu dəqiqə xəstəxanada 50-dən çox Azərbaycan vətəndaşı var. “Hepatit C” virusu ilə müraciət edənlərin sayı çoxdur. Çünki onun müalicəsi Gürcüstanda pulsuzdur. Klinikamızda azərbaycanlılar müalicəyə gürcülər ödədiyi qədər pul ödəyir. Burada onlar üçün heç bir faiz yoxdur”,- Musayev belə deyir.

Gürcüstanın digər klinikalarında “Todua”-dan fərqli olaraq xarici vətəndaşlar üçün faiz mövcuddur. Onlar yerli əhaliyə nisbətən bir qədər çox pul ödəyirlər.

Azərbaycan Statistika Komitəsinin verdiyi məlumata görə, hələ 2014-cü ildə Azərbaycanda 435 nəfər “Hepatit C” virusu ilə qeydiyyata alınıb.

Musayev deyir ki, Azərbaycanda xəstələrə qoyulan diaqnozlar çox zaman Gürcüstanda fərqli olur:

“Azərbaycandan bir xəstəm var. Orada ona döş xərçəngi diaqnozu qoyularaq əməliyyata ehtiyacı olduğu deyilib. Bura gələndə analizlərdən sonra məlum oldu ki, onda döş xərçəngi olmayıb, əməliyyata da ehtiyacı yoxdur”.

“Sərhəddə müxtəlif xəstəxanalar üçün bu işi görən 15 taksi sürücüsüyük. Hər zaman bir-birimizlə həkimlərlə bağlı əlaqə saxlayırıq”.

Musayevin sözlərinə görə, manatın devalvasiyasından əvvəl Azərbaycandan bura xəstələrin sayı daha çox olub: “Xəstələr bura müalicənin ucuz, amma keyfiyyətli olması üçün gəlirlər”.

“New Hospitals” klinikasının taksi sürücü və məsləhətçisi Rüstəm Məmmədov klinika fəaliyyətə başlayandan onlar üçün işləyir. Digər sürücülər kimi o da, xəstələrin ona yalnız yol üçün pul ödədiyini deyir. Daha sonra klinika ona gətirilən hər xəstəyə görə ayrıca ödəniş edir:

“Xəstələri Qırmızı Körpüdən klinikaya gətirib, nə köməklik lazımdırsa edirik. Əvvəl gündə 6-7 xəstəm olurdu, indi bu belə deyil. Bəzən günə 2-3 xəstəm olur, bəzən yox. Azərbaycandan klinikaya daha çox göz problemi ilə bağlı müraciətlər olur”.

Məmmədov deyir ki, klinika üçün Gəncədə fəaliyyət göstərən 4 taksi sürücüsü var.

Döş xərçəngi ilə bağlı müraciətlərin çox olması məsələsini Məmmədov da inkar etmir. Onun sözlərinə görə, Azərbaycandan döş xərçəngi diaqnozu ilə müraciət edən xəstələr burada analizlərdən tamamilə başqa nəticə əldə edirlər.

2014-cü ilin statistikasına görə, Azərbaycanda 1,563 nəfər döş xərçəngi diaqnozu ilə qeydiyyata alınıb. Bu rəqəm 2014-cü ilə qədər ümumi 9,712 nəfər olub.

Ana səhifəXəbərlərAzərbaycanlıları Gürcüstan xəstəxanalarına daşıyan taksi sürücüləri