Azərbaycanlılar niyə Gürcüstanda dincəlməyə gedir?

Natiq Cəfərli: “Azərbaycanın hansısa bölgəsində 1 həftə istirahət üçün çəkilən xərcə Gürcüstanın Batumi şəhərində azı 10 gün dincəlmək olur”

Source:

 Bakının Binə qəsəbəsi sakini Agabəy Cəfərov ardıcıl olaraq 4 ildir ki, ailəsi ilə birgə yay tətilini qonşu ölkə Gürcüstanın Borjomi şəhərində keçirir. “Həm ziyarət, həm ticarət” misalını çəkən müsahib sözügedən sanatoriyada həm də müalicə aldığını deyir.

4 nəfərlik ailənin 10 günlük müalicə və istirahəti yataq və yemək xərcləri də daxil cəmi 800 dollara başa gəlir.

“Artıq 4-cü ildir gəlirik. Barjomi bölgəsindəki “Firuza” sanatoriyasında istirahət edirik.  Həkim hər gün nəzarət edir, ağrılara uygun vannalar yazırlar.

Qızımın revmatizması var, ona palçıq və hidro vannalar yazılır, qəbul edir. Bu qədər xidmət günü cəmi 20 dollara başa gəlir. Azərbaycanda kimdi o qiymətə sənə həm yer, yemək verə, həm də həkim nəzarəti edə?”

Ağabəy Cəfərov üstəlik bu qədər ucuz qiymətə çox yaxşı mədəni münasibət gördüklərini də deyir.

Yayı Gurcustanda keçirən azərbaycanlılar çoxdur. Bununla yanaşı, Azərbaycanın səfalı turistik məkanlarına da uz tutanlar az deyil.

Hazırda Qubanın istirahət mərkəzində tətil edən Gəncə sakini Nurlana Əliyeva isə deyir ki, ən ucuz otelə günü 1 nəfər üçün 45 manat ödəyirlər. Bu qiymətə ancaq səhər yeməyi daxildir.

“1 həftə qalmağı düşünürdük. Övladımla bir otaq tutduq, 1 günə 135 manat ödəmişik.  Həftəyə minimum 800 manat pul edir. Qiymətlər bahadır. Hələ bunun gün ərzində yemək xərcləri, gəzmək, istirahət üçün digər xərcləri var. Adam psixoloji cəhətdən elə yorulur ki, istirahət gözə görünmür”.

Naftalan istirahət mərkəzindən aldığımız məlumata görə, günlük xidmət vanna qəbulu saylarından asılı olaraq 40-50 manat arası dəyişir. Bu xərcə ancaq yataq yeri daxildi. Yemək üçün əlavə vəsait ödəməlisən.

Ekspert Natiq Cəfərli də deyir ki, Azərbaycandan insanların başqa ölkələrə getməsi, eləcə də turist axınının zəif olmasının başlıca səbəbi qiymətlərin baha olmasıdır:

“Azərbaycanın hansısa bölgəsində 1 həftə istirahət üçün çəkilən xərcə Gürcüstanın Batumi şəhərində azı 10 gün dincəlmək olur. Həm daha ucuz, həm də daha yaxşı xidmət görürlər. Xidmət məsələsini ona görə qabardıram ki, Azərbaycanda otellər, istirahət mərkəzləri biznes sektoruna daxil deyil.  Hər məkan bir oliqarxa məxsusdur. Belə olan halda rəqabət mühiti yaranmır. Bununla da hansısa keyfiyyətli xidmətdən söz gedə bilməz”.

Natiq Cəfərli deyir ki, Azərbaycanın möhtəşəm coğrafi quruluşu var və bunun inkişaf etdirilməsi vacibdir:

“Azərbaycanda dağ meşə və dəniz turizmini inkişaf etdirmək lazımdır. Amma biz xeyli vaxt itirmişik. Qonşu ölkələr olan Türkiyə və Gürcüstandan çox geridəyik. Bundan sonra illər sərf etsək də, bu ölkələr yenə inkişafca bizdən irəlidə olacaqlar. Çünki onlar daim inkişaf edirlər. Məsələn, deyək ki, dəniz turzmini inkişaf etdirmək istədik. Neftdən və digər tullantılardan çirklənmiş bu böyüklükdə dənizin təmizlənməsi illər alacaq”.

Turizmin inkişafının laqeydliyi neft gəlirlərinə olan marağın daha üstün olması ilə əlaqələndirən ekspet onu da bildirir ki, turizm inkişaf etsə, özü ilə digər sahələri – ərzaq, hədiyyə biznesini və sair də inkişaf etdirəcək.

Ölkə prezidenti İlham Əliyev də turizmin inkişafının vacibliyindən danışıb. Bildirib ki, turizmi mütləq inkişaf etdirmək lazımdır.

Ekspert İlham Şaban isə deyir ki, turzimi inkişaf etdirmək üçün bu proses  ilk olaraq daxildən başlamalıdı. Bunun üçün də ən vacib olan ölkə vətəndaşlarının istirahət hüququnun olmasıdır.

“Azərbaycanda son illər demək olar ki, insanlar ancaq şənbə-bazar tətili edirlər. Özəl sektorlar işçiləri məzuniyyətsiz iş rejimində çalışdırır. Bundan başqa, bizdə tarixi izlər yoxdur. Məsələn, Bakıya gələn bir turist nədə görür ki, Bakı neft şəhəridir? Nefti simvolizə edən heç bir daş parçası belə yoxdu. Turizm yaradıcılıq tələb edir. Gələn turist qədim binalara baxmaq istəyir. Azərbaycanda tarixi olan köhnə olan nə varsa, hamısı sökülür”.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytında göstərilir ki, hazırda Azərbaycanda turizmin inkişafı ilə məşğul olan 100-dən çox turizm şirkəti fəaliyyət göstərir. Yaxın illərdə 149 mehmanxana qeydiyyatdan keçib ki, burada 5 min nəfərin yerləşməsi mümkündür. Saytın yazdığı məlumata görə, son 3 ildə ölkəyə daxil olan  xarici qonaqların sayı 1 milyonu ötüb.

Aydan Kazımlı

Ana səhifəXəbərlərAzərbaycanlılar niyə Gürcüstanda dincəlməyə gedir?